Azad olunmuş ərazidə yol qəzası törətməkdə şübhəli bilinən sürücü saxlanılıb
Azad olunmuş ərazidə yol qəzası törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
O bildirib ki, hadisə ilə bağlı qəzaya uğrayan avtobusun sürücüsü Paşa Mürşüdov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda fakt üzrə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, fevralın 6-sı axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
Hadisə ilə bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır
Facebook'da Paylaş