Azərbaycandan tranzit ilə Belçikaya 242 kq heroinin aparılmasının qarşısı alınıb

11-12-2021, 18:00

Azərbaycandan tranzit ilə Belçikaya 242 kq heroinin aparılmasının qarşısı alınıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.
Ordum.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Belçika Krallığına gedən 36AA961 dövlət nömrə nişanlı "SCANİA" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və nəqliyyat vasitəsinin sürücü tərəfindəki yanacaq çənində şübhəli təsvirlər olduğundan əsaslı yoxlamaya cəlb olunub.

Gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.




Facebook'da Paylaş