Tarixi köklərə bağlı Azərbaycan-Özbəkistan dostluğu

8-07-2022, 08:21

Tarixi köklərə bağlı Azərbaycan-Özbəkistan dostluğu


Tarixi köklərə bağlı Azərbaycan-Özbəkistan dostluğu

Azərbaycan-Özbəkistan dostluğu tarixi köklərə bağlıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qardaş ölkəyə son rəsmi səfərindən, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşündən sonra bu dostluq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Yazıçılar Birliyinin dəvəti və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana gəlmiş Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şair-tərcüməçi, Daşkənd İnsan Hüquqları İnstitutunun direktoru Gülzirə Şəripova, Filologiya üzrə fəlsəfə doktoru, millət vəkili, pedaqoq Gülbahar Səid Qani və tətcüməçi Güllalə Ruziyeva ilə universitetlərdə, Yazıçılar birliyində görüşlər keçirildi.
24 iyun, 2022-ci il tarixində AYB-nin Natəvan klubunda, AYB-nin sədri, hörmətli Xalq Yazıçısı Anar müəllim Gülzira xanım Şaripovanı AYB-nin fəxri üzvlüyünə qəbul edilməsi münasibətilə təbrik etdi. Hörmətli Gülzira xanımı yazıçı və şair dostları ürəkdən təbrik edərək, yaradıcılığında uğurlar arzuladılar. Özbəkistan Respublikasından ölkəmizə səfər edən xanım yazarlar yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Radionun direktor müavini Natəvan Dəmirçioğlunun qonağı oldular. Hörmətli qonaqlardan Gülzirə Şəripova, Güllalə Ruziyeva 29 iyun, 2022-ci il tarixində “Mədəniyyəy TV“ nin canlı efirində və Respublika Radiosunda - 105 FM də “Bizdən sonra”verlişində çıxış edərək Azərbaycan-Özbəkistan dostluğundan, ədəbiyyatlarımızın qarşılıqlı əməkdaşlığından, Azərbaycanın 44 günlük Vətən Müharibəsində bizi necə dəstəklədiklərindən danışdılar, Zəfərlə bağlı xalqımızı təbrik etdilər .

Özbəkistanlı qonaqlarla Sumqayıt Poeziya Evində də görüş keçirildi.
Görüşdə şəhərin ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və paytaxtdan gələn qonaqlar iştirak etdilər. Tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı açaraq qonaqları salamladı, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında geniş məlumat verdi, soy-kökü eyni olan millətin dostluğu, birliyi, həmrəyliyi üçün ədəbiyyatın, poeziyanın ən yaxşı təbliğat vasitəsi olduğunu vurğuladı.
Tədbirdə iştirak edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında qeyd etdi ki, xalqlarımız arasında qarşılıqlı mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi olduqca əhəmiyyətli və vacibdir. Sonra Gülzirə Şəripovaya və Gülbahar Səid Qaniyə Poeziya Evinin "Fəxri qonağı” diplomu təqdim edildi.

Tədbirdə qonaq qismində iştirak edən Natəvan Dəmirçioğlu “Arzularımızın şəhərləri var. Bunlar Bakı, Təbriz, Dərbənd, ulu Əmir Teymurun uyuduğu Səmərqənd və sair şəhərlərdir” dedi, diqqəti tarixi birliyimizə, Nizami Gəncəvidən bəhrələnən Əlişir Nəvai ilə inkişaf edən, Qafur Qulam və Səməd Vurğun dostluğu ilə davam edən ədəbi əlaqələrimizdən danışdı. Hazırda Gülzirə Şəripovanın onun iki hekayəsini qardaş Özbək dilinə çevirdiyinə görə tərcüməçiyə təşəkkürünü bildirdi.

Şair, həkim Nazilə Gültac çıxışında “Könül yolçuluğu” platformu yaratdığını, məqsədi türk dövlətlərinin ziyalılarını, yazarlarını, elm xadimlərini, mədəniyyət adamlarını bir-birinə tanıtmaq, təbliğ etmək olduğunu qeyd etdi. Vurğuladı ki, dünyanın əmin-amanlığı üçün könül insanlarına-sənətkarlara ehtiyacı var.

"Manevr.az" Media Qrupunun rəhbəri Namiq Dəlidağlı öz növbəsində Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən danışdı, gələn qonaqlara diplom və xatirə hədiyyələri təqdim etdi. Qələm sahiblərindən Ofeliya Babayeva, Rafiq Oday, Hümbət Quliyev, Almaz Sahilə, Aida Eyvazlı, Gülnarə Cəmaləddin, Əli Nəcəfxanlı, Gülbahar Haqverdiyeva, Xatirə Fərəcli, Şahməmməd Dağlaroğlu, Aləm Kəngərli, Asif Asiman, Mədaxil Cavadlı və başqaları qardaş ölkə şairlərinin Azərbaycana təşrif buyurmasından sevindiklərini bildirib, öz şeirlərini səsləndirdilər.

Sonda özbək qonaqlar yaradıcılıqlarından nümunələr söyləyib, Azərbaycan ədəbiyyatını, mədəniyyətini ürəkdən sevdiklərini, görüşdən çox məmnun qaldıqlarını ifadə etdilər.
Sonda hörmətli qonaqlar Xəzər dənizinin sahilində təbiəti seyr edərək, ümidvar olduqlarını bildirdilər ki, bu görüşlərin sayı çox olacaq, Azərbaycan-Özbəkistan dostluğu daha da sıxlaşacaq.

(Şəkillər Şakir Rəhmanındır)




Facebook'da Paylaş