Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir

12-04-2022, 19:24

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğularının tətbiqi ilə keçirilən məşğələlərdə komandirlərin real döyüş şəraitində bölmələri və silahları idarəetmə bacarıqları yoxlanılır, şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilir.

Ordum.az-ın məlumatına görə, şəxsi heyətin virtual təlim meydançasında qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.

Daimi dislokasiya məntəqələrində və təlim mərkəzlərində pilotsuz uçuş aparatı və dron heyətləri, rabitə bölmələri və reaktiv artilleriya batareyaları uzlaşmış fəaliyyətləri yerinə yetirirlər.

Çətin dağlıq şəraitlərdə anti-terror əməliyyatlarının icrasını və dağlarda praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı bölmələr tərəfindən şərti düşmənin terror qruplaşmaları məhv edilir.

Mühəndis bölmələri səhra şəraitində müvafiq tapşırıqları icra edirlər.

Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzi və poliqonlarında döyüş atışlı məşğələlərə cəlb edilən tank, mexanikləşdirilmiş və motoatıcı bölmələrin hərbi qulluqçularının silah və texnika ilə davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.

Məşğələlərdə zirehli tank texnikalarının ekipajları 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübəni mənimsəməklə müxtəlif manevrlərlə maneələri dəf edir və atışlar həyata keçirirlər.

Motoatıcı bölmələrin şəxsi heyətinin atıcılıq məharətinin və praktiki vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən və əl qumbaralarından atış çalışmaları yerinə yetirilir.

Şəxsi heyətin müxtəlif silah nümunələrinin tətbiqi ilə yüksək səhra bacarığı nümayiş etdirdiyi məşğələlər davam edir.




Facebook'da Paylaş