ANAMA minaaxtaranlarına təlim keçirilib

18-12-2021, 14:11

ANAMA minaaxtaranlarına təlim keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 25 nəfər minaaxtaranına Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən “Bölmə və Qrup rəhbəri” kursları keçirilib.

Bu barədə Ordum.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, ANAMA mütəmadi olaraq sahə işçilərini bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərə və ixtisasartırma kurslarına cəlb edir.

İki həftə davam edən təlimlərin əsas məqsədi mütəxəssislərin nəzəri və praktiki bilik, eləcə də texniki peşə bacarıqlarının artırılmasıdır. Bölmə və Qrup rəhbərləri təlimlərində xəritəçəkmə, onların oxunması, şərti işarələr, kompasdan istifadə qaydaları, mina və partlamamış hərbi sursatların tanınması, partlayış növləri və işədüşmə üsulları, təhlükəlilik kateqoriyaları, partlayıcı qurğuların zərərsizləşdirilməsi, həmçinin vəzifə öhdəlikləri, ünsiyyət və təhlükəsizlik qaydaları öyrədilir.

Təlimi bitirib imtahandan uğurla keçən əməkdaşlar Bölmə və Qrup rəhbəri vəzifələri üzrə sertifikatlar alaraq yeni səlahiyyətlərini icra edəcəklər.

Kurslarda qiymətləndirmə meyarları bilik səviyyəsi əsasında təyin olunur. Yekun balı 70 və daha yuxarı olan əməkdaşlar kursu keçmiş hesab edilir və onlara “Bölmə Rəhbəri” şəhadətnaməsi təqdim olunur. Yekun balı 80 və daha yuxarı olan müdavimlər “Bölmə və Qrup Rəhbəri” şəhadətnaməsi alaraq aidiyyəti üzrə əməliyyatlara cəlb olunur.

Mütəmadi olaraq kadr potensialının gücləndirilməsi, əməliyyatlara cəlb edilən yeni minaaxtaran qruplarının peşəkar bölmə və qrup rəhbərləri ilə təmin olunması, bununla da işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün vacib addımlardan biridir




Facebook'da Paylaş