SƏN TANRININ SÖZ ADINI YAŞADIN!
SƏN TANRININ SÖZ ADINI YAŞADIN!(Xalq Şairi Vahid ƏZİZ yaradıcılığı haqqında ədəbi düşüncələr) Vahid Əziz elə bir şairdir ki, onu bir nəfəsə oxumaq böyük və gur axan dağ çayının qabağını kəsməyə bənzəyərdi. Əgər çayın qabağını bağlamaq mümkünsə…(?!)
Hər kəlməsi, hər misrası ağır məna yükü ilə dolu olan Vahid Əziz poeziyası İnsanın və dünyanın poetik dərki və tərki-dünyalığıdır. O, poetik dünyanı öyrənmək və araşdırmaq mənə belə gəlir ki, adi bir qələm yükü deyil. O, həm tale, düşüncə və həm də böyük bir fikir yüküdür. O, yükü daşımaq asan olmadığı kimi, onun poetik düşüncələrini də bir-iki saata oxumaq heç də asan gəlməsin sizə. Hətta onun yaradıcılığını təkcə məhəbbət macəraları kimi qəbul edənlər də qoy yanılmasınlar. Çünki, o, Xosrovların kəcavəsinə gələn Şirinlərin, Ərəb çöllərində ağlayan Leylilərin, Keşiş qapısında köks ötürən Kərəmlərin, baxışlara sinə açan Sonaların timsalındakı mücərrədliyi də qəbul eləmir. O, məhəbbətin orta əsrlər tiryəkliyindən qurtulmağın konsepsiyasını yaradır. Reallıq, tələb və yaşamaq anlayışlarını ictimailəşdirərək həyatın öz movzusunu gündəmə gətirir:
Qətiyyən sındırmaz bu dərd milləti,
yox, axan qanlar da getmədi hədər,
bizim xislətimiz kişi adəti –
sevginin yolunda can qurban gedər...
Vahiddən oxunan hər bir fikir onun fəlsəfi kimliyini ortaya qoyur. Bu mənada Vahid Əziz yaradıcılığını fəlsəfi aspektdən beş hissəyə ayırmaq olar:
1. İnsanlıq
2. Reallıq
3. Varlıq
4. Kamillik
5.Tərki-dünyalıq
Bu gün orta əsrlərdən üzü bəri üstü açılan “sirlər”i mahiyyət etibarı ilə dərk etməyən və onu axıracan dinləməyən oxucuya üzünü tutan şair ürək ağrısıya yazır:
görünür bu dünyada
haçansa yaşamışam--
çox şeyi təkrarlayıb,
bilməkdən yorulmadım,
Vahid şeirdə düzgün nəql stilini və aydın süjet qurmağı fəlsəfi duyumla qələmə aldığından üç-dörd bəndlə böyük bir epopeyanın məzmununu təqdim etməyi yüksək profesionallıqla bacarır:
Özümün göz yaşım düşdü külümə,
öz naləm qarışdı ağrılarıma.
Allah, sevənləri bədbaxt eləmə--
mənə bax, rəhm elə başqalarına...
Şair etik və sosial durumun reseptini yazaraq cəmiyyətin xəstə halını müalicə etməyin sirlərini və üsullarını açıqlayır. Necə deyərlər, min dərdin min bir dərmanı olduğunu söyləyir:
Getdin...uçuşunda quş gözəlliyi,
sənsiz saçlarımda qış gözəlliyi,
daş-qaşı ucaldan daş gözəlliyi!
bəlkə də daş olduq, nə bilmək olar?
Sözün obrazını və müqəddəsliyini and yeri bilən şair onun məna kodlarını açmaqla İlahinin varlığı hüzurunda dayanır; zühr edir, özü sözə dönür, şeirləşir:
Cahanda bircə nəfər Tanrıya övlad sayılıb,
O, da insan əlinə düşüb – çarmıxa çəkilib.
Vahid sözün qul və mülkiyyətçi steorotiplərini aşaraq poeziyaya yeni nəfəs gətirir, tale yazısına üz tutur.Sözü şifahi danışıq vərdişlərindən daha çıx estetik varlığa çevirir.
Məmurlar tanıdım Azərbaycanda,
Özü buralarda, külfət O, yanda!
Quldarlıq hüququ kimi Sözü incidənlərə üsyan eləyən şair fərdləri bu cür cəzalandırır:
Ölkəni qəribə bir xislət alıb-
kimdir məhəl qoyan?-hayqırdım min yol;
Vətən övladını çətinə salıb,
tövsiyə edirik-
"Vətənpərvər ol!"
O, bəzən lirikanı rəsm və şəkilə (fotoya) çevirir, ürəyin kardioqrammasını çəkir. Zamanın nəbzinə, reallığa və faniliyə qədər gözəgörünməz yollar qət edir. Dünyanın sözlə izahının portiretini çəkir. Mif və dinləri ilahi kəlmələrlə, sərrast düşüncə və aydın ovqatla təmizləyir :
Xeyli dəyişmişik, Füzuli baba,
bir söhbət danışım (sözünə qüvvət),
daha bu mübarək eldə, obada
həm salam alınır, həm də ki, rüşvət!
Xeyli dəyişmişik,artıb ilbəil-
canından keçənlər Yurddan qovulub,
indi,saraylarda xaqanlar deyil,
təlxəklər Bəhluli Danəndə olub!
O, müqəddəs kitabları Söz qədər ucalığını İlahinin xeyir-duasına ehtiyaclığın əsas predmeti sayır. Hər kəsdə Allah segisinin olduğunu deyir:
Allah, bizi niyə belə yaratdın?
bir az ağa, bir az kölə yaratdın!
Yaratdın ki, hər yetənə aldanaq,
yaratdın ki,"hər dərədə nallanaq"?
Yurdumuzda qaçqın olaq, yad olaq,
yaratdın ki, tayfa-tayfa dolanaq!? Vahid Əziz daha irəli gedərək bütün zamanların, o cümlədən, Ədəbiyyatın əbədi mövzusu olan Hakimiyyət və Allah problemi konteksində daxıli inam və İnsanlıq meyarına ayri rakusdan yanaşır. Problemi şair öz öhdəsinə götürür və bunu həll etməyin düsturunu tapır.Şairin peyğəmbərlik missiyasının izahını verir.
Əsil şairlər də Peğəmbər kimi,
Millətin dərdinə ürək yandirar,
Peyğəmbər İnsana Tanrı hökmünü,
Şairlər Allaha giley çatdırar.
Böyük Füzuli yana-yana deyirdi ki, peyğəmbər və ölviyalardan sonra insan nəslinə ən sadiq tayfa şairlərdi.
Əbəs yerə deyil ki, Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşaraq, onu dərk etmək elminin-təriqət elminin xidmətçiləri sayırdılar.Onlar Allaha məhəbbət qarşısında sanki öz yaradıcılıqlarından imtina edirdilər.Bu mənada Vahid Əziz özü də bilmədən bu dahi fikrin daşıyıcısına çevrilərək bədahətən dediyi və yazdığı sözün müqəddəsliyinə və ilahiliyinə baş əyir:
Nolaydı: bir oxum, yayım olaydı,
səsim Yer üzünə yaylım olaydı,
Tanrı bircə günlük Dayım olaydı-
olaydım Allahın Bacısı Oğlu!!
Şərq klassizminin əsas forması lirik poeziya-qəzəl, duyuq, rübai olmuşdur və sufi ədəbiyyatında özünü göstərmişdir.
Ümumiyyətlə, insan həyatının elə dönəmləri olur ki, o, sufi həyatını yaşamalı olur. Şairlər isə əslində bu həyatın içində olduqlarını çox gözəl bilirlər.
Şair buna öz münasibətini belə bildirir:
Mənə yüz il ömür arzulamayın,
Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.
Azərbaycan klassizminin təcəssümü Füzuli ədəbi məktəbi idi. Ürəklə deyə bilərəm ki, bu məktəbin müasiri haqqında danışdığım ədəbi və əbədi qəhrəmanım, öz xalqının sevimli şairi Vahid Əzizdi.
O, yeganə xoşbəxt şairdi ki, sağlığındaykən ürəyindən keçənləri böyük səxavətlə qələmə alır. Düzü düz, əyrini əyri…Başqaları kimi gülünc doğuran “sandıq ədəbiyyatı” yaratmır. Bir vaxtlar sovetlər ittifaqı süquta uğrayan ərəfədə özlərini “gic və bic” yerinə qoyub guya sən demiyəsən, kişinin oğlunun yalan-palan “sandıq ədəbiyyatı” varmış, deyə ajiataj yaradıb cildini dəyişənlər indi də o xəstəlikdən xilas ola bilmirlər. Nə qədər nadan olasan ki, gözlərinin önündə bu qədər ədalətsizliklər, haqsızlıqlar olsun, sən də gözünü yumasan, dilini bağlayasan, qulaqlarını tıxayasan və əttökən-əttökən özünə “sandıqca” düzəldəsən?!Və yazdıqlarını öləndən sonra açıb vərəqləyəcəklər nağılına inanasan?!
Seyid “cəddinə” inanan kimi bunlar da “sandıqlarına “ inanırlar. Allah Sabirə rəhmət eləsin. Əbəs yerə deməyib ki:
Əhsən bizə! həm tirzənik, həm hədəfik biz,
Öz qövmümüzün başına əngəl-kələfik biz.
Əlbəttə ki, xalqın içərisində zamanın və millətin nəbzini tutan, sözünü deyən kişilər çoxdur. Onlardan biri də məzh Vahid Əzizdi. O, kişi kimi, cəngavər kimi yaşayır bu dünyada. Heç bir kəsdən çəkinmədən zamanında sözünü deyir və dediyi sözünün arxasında dayanır.
VƏTƏNDAŞ SƏRÇƏLƏR...Olsa da hər zaman elnən iç-içə
ona dənli yerdə sədd hörübdülər,
Vətəndir, neynəsin balaca sərçə?
arpa kəpəyin də çox görübdülər.
O qədər kövrəkdir doğma görkəmi;
Mil-Muğan, Şirvanlı, Qarabağlıdı,
o da mən gündədir-ölənə kimi
hara Vətəndirsə, ora bağlıdı!
Sapandla vurular, ölər, qovrular-
saraylar, məclislər yasaqlı yerdi!
əsgər də, şəhid də sərçələr olar,
yekəpər durnalar fərarilərdi!
Sərçə taleyi də, özü də kiçik,
vəfalı qəlbini duyan olmayıb,
ədası-pırıltı, hədəsi-"Cik-cik",
odur ki, sərçəni sayan olmayıb!
Payızda qayıdar, baharda gələr-
durnalar qonaqdır; gəlib-gedəcək,
Vətən çəpərinə sadiq sərçələr
çəpərlər dibində ölüb-gedəcək...
Binəsi-kollarda, Vətən daşında,
nə mükü, nə gölü, nə adası var;
amma ki, köçəri qaranquşun da
yerliyə şəriklik iddiası var!
Bizimlə birlikdə gülüb-ağlayan
bu Yurdun balaca sərçələridir,
bəlkə də sərçəni cılız saxlayan
millət təəssübü,Vətən dərdidir?
Bir döyüş şeypuru çalın ucadan,
düşməni döyməyə görün-kim gedir!?
sərçə taleyini yaşayan insan
talesiz yaşayan sərçə kimidir...
Adı və Allahı tək olan Xalq Şairi Vahid Əziz yaradıcılığı haqqında düşüncələri sizinlə bölüşən mən idim -
Əmir Pəhləvan"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022
Facebook'da Paylaş