Ermənistanda təlimə çağırış birmənalı qarşılanmadı
Ermənistanda təlimə çağırış birmənalı qarşılanmadı Avqustun 1-dən oktyabrın 30-dək Ermənistanda hərbi vəzifəlilərin təlimi keçiriləcək. Hökumətin ehtiyatda olan hərbçiləri üç aylıq təlimlərə çağırması ölkədə birmənalı qarşılanmayıb. Ehtiyatda olan polkovnik Artaşes Mxitaryan deyib ki, 2017-ci ilin noyabrında qəbul edilmiş “Hərbi xidmət haqqında” qanuna əsasən, təlim-məşq toplanışları qısa müddətə keçirilməlidir. Amma indi 3 aylıq müddətdən söhbət gedir:
“Adətən 7-10 günlük müddətlərdə bacarıqların təkmilləşdirilmə məşqləri, yeni silahlarla tanışlıq təlimləri keçirilirdi. Artıq rüblük təlimlər nəzərdə tutulub. Əvvəllər yeni batalyonların formalaşdırılması əməliyyatlarının hazırlanması üçün üç aylıq toplantılar keçirilirdi”.
Polkovnik belə qənaətə gəlib ki, üç aylıq hərbi təlimlər ehtiyatda olanları döyüş növbətçiliyinə cəlb etmək üçün keçirilir.
“Kadr problemi var, Ermənistan Respublikasının cəbhə xətti artıq bir neçə dəfə uzundur. Mövcud qüvvələrlə döyüş növbətçiliyi apara bilmirik, ona görə də bu üç aylıq təlim-məşq toplanışları keçirilir. Avqustun 1-dən etibarən 1400-ə yaxın adam təlimə cəlb ediləcək ki, onların əksəriyyəti motoatıcı bölmələrdə xidmət keçəcək”.
Hökumətin 23 iyun qərarında toplanışa ehtiyatda olan 1444 nəfərin çağırılması nəzərdə tutulur. Onların 1249-u əsgər və praporşik, 65-i böyük praporşik, 130-u zabitdir. Hərbi toplanış Motoatıcı Qoşunları, Mühəndis Qoşunları, Raket-Artilleriya Qoşunları, Kəşfiyyat Qoşunları və Rabitə Qoşunlarını əhatə edəcək.
Facebook'da Paylaş