“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidə nəticələrinə dair bəyanat yayıb

8-02-2024, 21:13

“Sivil Toplum” Monitorinq Koalisiyası müşahidə nəticələrinə dair bəyanat yayıb

 Fevralın 8-də Bakıda “Sivil Toplum” Monitorinq Koalisiyasının 07 fevral tarixində keçirililmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.

  Mətbuat konfransında “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Aydın Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri), Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) və Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) seçkilərinin nəticələri, Koalisiyanın seçki prosesində həyata keçirdiyi fəaliyyətlər, müşahidə prosesində toplanmış  rəyləri əsasında ilkin nəticələri və əldə olunan faktlar barədə məlumat veriblər.

Həmçinin mətbuat konfransında 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin “Sivil Toplum” Monitorinq Koalisiyası tərəfindən aparılmış müşahidə nəticələrinə dair bəyanat təqim edilib.

Bəyanatda bildirilib ki, Koalisiyanın 613 müşahidəçisi 7 fevral - seçki günü respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb, müşahidəçilərin hər biri ümumrespublika müşahidəçisi statusuna malik olub. Vurğulanıb ki, seçki müşahidəçilər azad edilmiş ərazilərdə də - Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocalıda, Ağdərədə, Xocavənddə, Ağdamda, Füzulidə müşahidələr aparıb.

Bəyanatda qeyd olunub ki, Koalisiyanın müşahidə apardığı heç bir məntəqədə nümayəndələrimizə qarşı maneə yaradılmayıb, məhdudlaşdırma halı olmayıb, seçkiləri tam sərbəst şəkildə müşahidə imkanı təmin olunub: “Müşahidə etdiyimiz məntəqələrdə ümumən bülletenlərin sayılması və qutuların möhürlənməsi prosesi düzgün təşkil olunsa da,  6 məntəqədə bununla bağlı qüsurlar qeydə alınıb. Müşahidəçilərimiz seçki məntəqələri daxilində hər hansı namizədin xeyrinə təbliğat aparılması halları müşahidə etməsələr də, müəyyən istisnalarla rastlaşıblar, belə ki, 3 seçki məntəqəsində bu və ya digər namizədin xeyrinə təbliğata cəhd olunub.

Müşahidə aparılan seçki məntəqələrinin 39-unda bəzi narazı seçicilərə rast gəlinib, onlar adlarını seçici siyahılarında tapmadıqlarından şikayət ediblər, 8 məntəqədə seçicilərin adlarının siyahılara yerində əlavə edilməsi faktı qeydə alınıb, 31 məntəqədə də isə məntəqə sədrləri bu kateqoriyadan olan seçicilərə səsvermə imkanı yaratmayıb. Müşahidəçilərimiz müəyyən edib ki, səsverməyə buraxılmayanlar seçki günü ikinci dəfə səs vermək üçün gələnlərdir.

Müşahidə aparılmış məntəqələrin əksəriyyətində barmağa mürəkkəblə işarələnməsi proseduru və mürəkkəbin olub-olmamasının yoxlanılmasına əməl olunsa da, məntəqələrin bəzilərində bu prosedurun həyata keçirilməsində nöqsanlar aşkarlanıb. Mərkəzi Seçki Komissiyası seçkilәrә hazırlıq işlərini vaxtında başa çatdırıb, ümumən seçki komissiyalarının hazırlıq səviyyəsini qənaətbəxş hesab etmək olar”

Sənəddə bəzi müxalif partiyalarının seçkilərdə iştirakdan imtina etməsi və hətta baykota çağırışlara rəğmən, müxtəlif partiyaları təmsil edən namizədlərin, həmçinin namizədlikləri şəxsi təşəbbüsləri ilə irəli sürülənlərin qeydiyyatа alınması nəticəsində seçkinin rəqabət şəraitində keçməsi və seçim imkanı təmin olunduğu vurğulanıb: “Yerli müşahidəçilər demək olar ki, heç bir maneə ilə qarşılaşmadan MSK-da və yerlərdə seçki müşahidəçiliyi üçün qeydiyyatdan keçə bilib, sərbəst müşahidə aparmaq imkanına malik  olublar, bu barədə “Sivil Toplum Monitorinq Koalisiyası” hər hansı maneə ilə qarşılaşmayıb, bu səpkidə qeydiyyat üçün müraciət edənlərin heç birindən də şikayət müraciəti almayıb.mSeçki günü səslərin sayılması prosesində müşahidəçilərin müşahidə aparmalarına hər hansı maneə və məhdudiyyət tətbiq edilməyib. Seçki günü seçki qutusuna əvvəlcədən seçki bülletenlərinin atılması cəhdləri müşahidə edilməyib. Müşahidə aparılan seçki məntəqələrində səsvermə prosesi əsasən, qanunvericliyin tələblərinə uyğun keçirilib. Lakin bəzi seçki məntəqələrində səsvermə kabinəsindən kənarda səsvermə, şəxsiyyət vəsiqələrinin düzgün yoxlanılmaması müşahidə olunub. Müşahidəçilərin iradları yerində məntəqə sədrləri tərəfindən nəzərə alınıb”.

“Sivil Toplum” Monitorinq Koalisiyası bəyanatın qed edilib ki, seçkilərin ümumi nəticəsinə təsir etməyən bir sıra pozuntuları nəzərə almaqla, seçkilər əsasən azad, ədalətli və şəffaf keçirilib: “Koalisiya hazırda seçkidən sonrakı vəziyyətin monitorinqini davam etdirir. Proses tam başa çatanda yekun hesabat yayılacaq. Yekun hesabat bütövlükdə seçkiöncəsi, seçki günü və seçkidən sonrakı dövrə ümumi qiymət verəcək, səsvermə nəticələrinin hesablanması və digər vacib məqamlara dair monitorinq qeydlərini, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələri özündə ehtiva edəcək”.

 




Facebook'da Paylaş