Yaşıl enerji: hədəflərə doğru
Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncam və dövlət proqramlarına uyğun olaraq Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı konkret işləri görülüb
Bu gün qlobal böhran şəraitində dövlətlərin həmrəylik nümayiş etdirməsi və təbii ehtiyatlarını bir araya gətirməsi vacib. Azərbaycan bu istiqamətdə qoşulduğu layihələrdə enerji sahəsində uzunmüddətli qarşılıqlı əməkdaşlığını gücləndirir. Xüsusən, Azərbaycan xariclə yaşıl enerji ticarətini inkişaf etdirməkdədir. Bərpaolunan enerjinin generasiyası üzrə mövcud potensialdan faydalanmaq lazımdır. Hazırdan Azərbaycan bu potensialdan maksimum yararlanmağa çalışır. Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncam və dövlət proqramlarına uyğun olaraq Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı konkret işləri görülüb. Xüsusən, regional inkişaf proqramlarının icrası ilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilib. Bu da ölkənin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verib. Bu məqsədlə ölkənin ayrı-ayrı regionlarında günəş və külək enerjisi istehsal edən qurğuların inşa edilib. Ayrıca müxtəlif rayonlarda günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları tikilib istismara verilib. Buna baxmayaraq təkmilləşmə də aparılır. Təsadüfi deyil ki, son illərdə bu sahədə aparılan elmi-tədqiqat işləri nəticəsində külək, günəş və biokütlədən enerji alınması sahəsində bir sıra layihələr hazırlanıb, təcrübə-sınaq qurğuları yaradılıb.
Bütün bu tədbirlərin reallaşdırılması isə ölkənin elektroenergetika sisteminin dayanıqlığının tam təmin edilməsinə gətirib çıxarıb ki, bu da öz növbəsində istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin edilməsinə imkan yaratmaqla bərabər, Azərbaycanın elektrik enerjisi üzrə ixrac potensialını daha da genişləndirib. Prezident İlham Əliyevin fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında yaşıl energi ilə bağlı bir sıra məqamlara toxunması diqqət çəkir: “Bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır”.
Alternativ enerji mənbələrindən istifadə edilməsi böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını xeyli azaldılmasına səbəb olur. Azərbaycanda ildə 300 günəşli günün olmasını və öz küləkli günlərinin sayı və intensivliyi ilə seçilən Abşeron yarımadasında külək və günəş energetikasının inkişafı daha perspektivlidir. Məhz bu ərazidə qurulması nəzərdə tutulan istixananın tam enerji təminatının alternativ enerji mənbələri hesabına ödənilməsi ictimaiyyətin bu enerji növünə diqqətinin artırılmasına hesablanıb.
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə respublikamızda istehsal olunan elektrik enerjisi və istilik enerjisi bu mənbələr hesabına da ödənir. Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə zəngindir. Xüsusilə, Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir. Cənab Prezident də çıxışında qeyd edib ki, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var: “Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur - böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə”.
Ölkəmizdə bu sahənin inkişaf perspektivlərinə böyük ümid var. Hazırda yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilir. Əsas məsələ isə ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə kapital qoyuluşu artır. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor
Facebook'da Paylaş