Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşıb

10-07-2022, 08:30

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşıb

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşıb
8-9 iyul 2022-ci il tarixlərində Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 8 iyul 2022-ci il tarixində müşavirənin Bakı şəhərində keçirilən sessiyası ADA Universitetində XİN-in rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, AR Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirin açılışında ADA Unibersitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb, müşavirəyə ADA Universitetinin ev sahibliyi etdiyini məmnunluqla qeyd edib. Rektor, müşavirənin işinə uğurlar arzulayıb.

Müşavirədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. Çıxışlarda, Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və bu çağırışların qarşısının alınması istiqamətində görülən tədbirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakımız, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib. Diplomatik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatlar verilib. Müşavirə çərçivəsində diskussiyalar panel müzakirələri şəklində davam edib.

9 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbərliyinin, habelə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam edib. Tədbir çərçivəsində münaqişədən sonra azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri mövzusuna həsr edilmiş paneldə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə nümayəndəsi Emin Hüseynov tərəfindən geniş təqdimatlar edilib.

Daha sonra növbəti paneldə AR Heydər Əliyev Fondunun təşəbbüsü və XİN-in dəstəyi ilə dərc olunan, Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadzenin rəhbərliyi altında gürcü alimləri tərəfindən işlənib hazırlanmış, Qarabağ xanlığının zəngin tarixi irsini Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edən “Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib. Təqdimatda Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadze, habelə AMEA-nın Tarix İnstitunun baş direktoru Kərim Şükürov çıxış ediblər. Tədbirdə, həmçinin xarici mütəxəssislər tərəfindən Qarabağ bölgəsi ilə bağlı edilən araşdırmalar sırasında alman alim M. Raynhard Hess tərəfindən dərc edilən “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabı ilə bağlı məlumat verilib. Xarici alimlər tərəfindən ərsəyə gətirilən bu kitabların Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq müstəvidə tərənnüm edilməsi baxımından əgəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində təşkil olunan mədəni proqramla yekunlaşıb.




Facebook'da Paylaş