Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə Ordum.az Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki ölkə arasında mövcud olan strateji səviyyəli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Qarşıdan gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu nəzərə alaraq, bu xüsusda müvafiq tədbirlərin təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti ifadə edilib.
Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Çoxtərəfli platformalarda uğurlu əməkdaşlığın davam etdirilməsindən bəhs edən nazirlər, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyəti qeyd ediblər.
Ceyhun Bayramov ukraynalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, habelə işğalda azad edilmiş ərazilərdə həyata keçirilən yenidən quruculuq işləri ilə bağlı məlumat verib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar
Facebook'da Paylaş