"Azərbaycan BMT qətnamələrini özü yerinə yetirdi" Valdis Zatlers

6-11-2021, 14:15

"Azərbaycan BMT qətnamələrini özü yerinə yetirdi" Valdis Zatlers

Cənubi Qafqaz regionunda dayanıqlı sülh və barışığa nail olmaq üçün bölüşə biləcəyimiz ən dəyərli şey bizim təcrübəmizdir.

Ordum.az xəbər verir ki, bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers deyib.

"Bu, həm Avropa İttifaqı (Aİ) səviyyəsində, həm də regional səviyyədə olan təcrübədir, Almaniya və Fransa arasındakı münasibətlər, Baltik regionun inkişaf təcrübəsi. Biz çox şey öyrənmişik. Bilirsiniz, biz İkinci Dünya Müharibəsini yaşadıq, ölkələr arasında münasibətlər gərgin idi, müharibələr baş verirdi, amma Aİ yarandı, müxtəlif xalqlar yaxından əməkdaşlıq etməyə başladı. Təbii ki, bütün xalqlar fərqlidir, lakin biz əməkdaşlıq etməyi öyrəndik, çünki bu əməkdaşlığın nəticəsi, deyərdim ki, meyvələri – hər kəsə çatır", - o qeyd edib.

Sabiq Prezident müharibələrin münaqişəni həll etmək üçün ən yaxşı həll yolu olmadığını vurğulayıb: "Lakin Qarabağ məsələsində bu, işlədi, çünki doğru zamanda və qətiyyətli qərarla reallaşdı. Belə deyək, Azərbaycan BMT TŞ-nin qətnamələrini özü yerinə yetirdi. Beynəlxalq təşkilatlar bu münaqişənin həllində uğurlu ola bilmədi. Amma bilirsiniz, təkcə qurumlar, institutlar uğursuzluğa düçar olmur, bu, individual şəxslərin, ailələrin başına gəlir. Yəni uğursuz olmaq insan həyatında bir istisna və ya nadir halda baş verən məqam deyil. Lakin bu münaqişədə əsas məqam ailələrlə, individual şəxslərlə bağlıdır. Münaqişədə ailələr faciə yaşadı və onlar heç vaxt bunu unutmayacaq. Ona görə də biz bu həssas məsələdə diqqətli olmalıyıq. Doğrudur, biz gələcək üçün işlər görəcəyik, diqqət gələcək əməkdaşlığa yönələcək, amma ailələrin yaşadıqları faciələr unudulmayacaq. Mən deyərdim ki, biz bu iki ölkənin xalqları ilə işləyəcəyik. Tövsiyəm odur ki, bu ailələrin, insanların hisslərinə, yaşadıqlarına toxunmamalıyıq, çünki ailə yaddaşı həmişə qalacaq".




Facebook'da Paylaş