Sentyabrın 27-də ağır döyüşlər başladığı ilk gündən cəbhə bölgəsində təbliğat-təşviqat işləri də əməliyyat şəraitinə uyğun təşkil edilərək həyata keçirilir.
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir.
Bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən 4 təbliğat-təşviqat qrupu yaradılıb. Həmin qruplar veteranların, ictimaiyyət nümayəndələrinin şəxsi heyət qarşısında çıxışlarını təşkil edir və konsert proqramlarını təqdim edirlər. Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanın cənab İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.
Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.