COP29 ZAMANI AZƏRBAYCANDA BÜTÜN TƏRƏFLƏRİN ÖZLƏRİNİ RAHAT HİSS ETDİYİ BİR MÜHİT YARADILACAQDIR
Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan armaqdadır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi və iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.
Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, Azərbaycana intensiv şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, birgə müqavilələr imzalanır, gələcəyə hesablanan layihələrin əsası qoyulur. Eyni zamanda Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. Onlardan biri də yaxın gələcəkdə baş tutacaq olan COP29-dur.
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkmişdir.
Cənab Prezident müsahibədə qarşıda bizi gözləyən tədbir barədə sualları cavablandırıb. Azərbaycan Prezidenti bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını elan edib. Cənab Prezident, həmçinin qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi vardır. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.
Respublikamızın Prezidenti cənab İlham Əliyev müsahibəsində Avropa İttifaqı ilə bağlı münasibətlərdən də danışıb. Cənab Prezidenti bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal əlaqələrə malikdir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.
Prezident cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq: “Qlobal Cənub, Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq” kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”.
Ölkə başçımız açıqlamasında bildirib: “Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələrinin olması kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik, Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir. Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq”.
Akif RƏFİYEV
Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri
Facebook'da Paylaş