Sülhün prinsipial şərtləri
Hər kəs gözəl bilir ki, qalibiyyətlə sona çatmış Vətən müharibəsinin əsas qəhrəmanları Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu, dövlətimizə, xalqa və silahlı qüvvələrə böyük məharətlə rəhbərlik etmiş ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Müzəffər ordumuz işğal olunmuş əraziləri düşmən tapdağından azad etmək üçün ildırımsürətli müharibə aparmış, xalq və cəmiyyət yumruq kimi birləşərək orduya dəstək vermişdir.
Xatırlatmaq lazımdır ki, dövlət başçısı Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri böyük dövlətlərdən gələn siyasi təzyiqləri neytrallaşdırmış, ölkəmizə qarşı aparılan informasiya müharibəsini zərərsizləşdirmişdir. Vətən müharibəsinin getdiyi gərgin günlərdə Prezident cənab İlham Əliyev hər zaman olduğu kimi yenə də birmənalı olaraq Azərbaycan xalqının düşünən beyni və danışan dili olmuşdur. Bu mənada Prezidentin xarici KİV nümayəndələrinə verdiyi 30-a yaxın parlaq müsahibənin milli yaddaşımızı yaşatmaq baxımından müstəsna tarixi əhəmiyyəti qeyd edilməlidir. Dövlət başçısı dərin məzmunlu müsahibələri ilə erməni tərəfinin Qarabağ problemi ətrafına çəkdiyi yalanlar səddini dağıtmış, erməniləri himayə edən şər qüvvələri bütün dünyanın gözü qarşısında ifşa etmişdir. Onu da qeyd edim ki, bütün bunlar Azərbaycanın iradəsi, dövlət-xalq-ordu və Ali Baş Komandanın birliyinin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyulun 22-də Şuşada növbəti dəfə “Euronews” televiziyasına müsahibə verib. Yeri gəlmişkən, dövlət başçısının müsahibəsi bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya təsirlərinə konseptual baxışın bir daha dəqiqləşməsi baxımından mühüm hadisədir.
Vurğulamaq istəyirəm ki, müsahibədə ən diqqətçəkən məqam Azərbaycanın qalibiyyətinin qəbul edilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti isə bu qalibiyyəti, əslində, beynəlxalq ədalətin bərpası, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması prizmasına salır.
Cənab İlham Əliyevin müsahibəsində də dediyi kimi, “Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı”.
Müsahibənin məqamlarından biri də dövlət başçısının bölgədə yeni reallıqların yaradıcısı və qalib lider kimi Qarabağın erməni sakinləri və Ermənistan əhalisinə müraciəti oldu. Çağırışda iki vacib istiqamət nəzərə çarpır: Birincisi, Qarabağdakı ermənilər ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçısı bəyan etdi ki, “Qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”. İkincisi, Ermənistan erməniləri isə anlamalıdır ki, Azərbaycan sülh arzulayır. Ermənilər artıq reallıqların fərqinə vararaq hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməlidirlər.
Dövlət başçımızın müsahibəsində jurnalistin sülühün şərtləri ilə bağlı toxunduğu bir məqama da münasibət bildirib: “ Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”
Sonda vurğulamaq istəyirəm ki, əlbəttə böyük sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunun bütün subyektləri üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əlverişli şərait yaradacaq, burada yaşayan bütün xalqların rifah içində firavan gələcəyini təmin edəcəkdir.
İlham Qayıbov,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili
Facebook'da Paylaş