Baş Prokurorluq Bərdəyə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb
Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ordum.az xəbər verir ki, bəyanatda deyilir:
"Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
2020-ci ilin oktyabrın 28-də Ermənistan Respublikasının silahlı qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülmüş, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət almışdır.
Qeyd edilən ilin noyabrın 7-də müharibənin son günlərində Ermənistanın Bərdə rayonunun Yeni Əyricə kəndinə raket hücumu nəticəsində 1 nəfər uşaq ölmüşdür.
Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülmüş, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəymişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə bir daha çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!"
Facebook'da Paylaş