İlham Əliyev: "Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir

25-07-2022, 14:27

İlham Əliyev: "Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir

"Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir".

Ordum.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir: "Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar".




Facebook'da Paylaş