Türkiyə Müdafiə Nazirliyi: "Azərbaycanla hərbi müttəfiqliyin səviyyəsindən məmnunuq"

14-06-2022, 11:00

Türkiyə Müdafiə Nazirliyi: "Azərbaycanla hərbi müttəfiqliyin səviyyəsindən məmnunuq"

"Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə, güclü Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının, müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi məmnun edir".

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

"Şuşa Bəyannaməsinin hərbi və strateji sahədə də dövlətlərimizin milli maraqlarını təmin etməsi istiqamətindəki önəmi hər birimizə aydındır", - nazirlikdən vurğulanıb.

Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanandan sonra qüvvəyə minən Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyə dair bütün şərtləri özündə ehtiva edir.




Facebook'da Paylaş