Yaşar Əliyev BMT-nin Baş katibinə erməni işğalının nəticələri barədə məktub ünvanlayıb
Azərbaycanın Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə Azərbaycana qarşı erməni işğalının nəticələri və 30 il ərzində Azərbaycanın Qarabağ regionunda Azərbaycanın mədəni irsinə münasibətdə törədilən vandalizm barədə məktub ünvanlayıb.
Ordum.az xəbər verir ki, bu məktub Ermənistan nümayəndəsinin belə adlandırılan “erməni mədəni irsinin dağıdılması” haqqında onun bir neçə gün əvvəl göndərdiyi məktubunda olan cəfəng fikirlərə cavab kimi yazılıb.
Yaşar Əliyevin məktubunda vurğulanır: Ermənistanın daimi nümayəndəsinin Azərbaycanın Qarabağ regionundakı həqiqətlər barədə yalan fikirlərin, Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin əsas səbəblərinin təhrif olunmasının yer aldığı məktubla əlaqədar diqqətə almaq lazımdır ki, bu yollarla Ermənistan silahlı münaqişə zamanı törətdiyi vəhşi cinayətlərə görə məsuliyyətdən boyun qaçırmağa, tarixi saxtalaşdırmağa və öz ərazi iddialarını əsaslandırmağa çalışır.
Sənəddə qeyd olunur ki, Ermənistan mədəni irs kimi incə mövzudan həyasızcasına istifadə edərək, onun Azərbaycana münasibətdə on illərdir apardığı iftira və ədavət siyasətini açıq şəkildə göstərən çoxsaylı faktların üstündən sükutla keçir. Məsələn, yaxşı məlumdur ki, Azərbaycandan fərqli olaraq, Ermənistan monoetnik ölkədir və bir cür etnik tərkibə başqa xalqları, o cümlədən vaxtilə Ermənistanda ən iri milli azlıq olmuş yüz minlərlə azərbaycanlını qovmaqla nail olub. Azərbaycanın mədəni irsi Ermənistanın bütün ərazisində tamamilə dağıdılıb və məhv edilib, bir çox tarixi obyektlər onların unikal xarakteristikalarını dəyişdirmək üçün “yenidən qurulub”. Ermənistan belə siyasəti əvvəllər onun işğalı altında olan Azərbaycan ərazilərinə münasibətdə də aparıb. 1990-cı illərin əvvəllərində erməni ordusunun əlinə keçən Azərbaycanın şəhər və kəndlərinin əksəriyyəti 700 mindən çox azərbaycanlı əhalinin ziyan çəkdiyi etnik təmizləməyə məruz qalıb, həmin yaşayış məntəqələri sonradan yerlə-yeksan edilib. Bu torpaqlarda yerləşən minlərlə mədəni obyekt, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxana və teatrlar talan olunub və məhv edilib. Yaşar Əliyev vurğulayır ki, bundan başqa, bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri Azərbaycan tarixinin, mədəniyyətinin və etnik identikliyinin inkar edilməsi və təhrif olunması məqsədilə bilərəkdən və məqsədyönlü şəkildə dəyişdirilib
Facebook'da Paylaş