“Şahin” hərbi-idman oyunları üzrə birincilik keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Şahin” hərbi-idman oyunları üzrə birincilik keçirilib.
Ordum.az xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Yasamal, Qaradağ və Xətai rayon icra hakimiyyətlərinin, bu rayonların Gənclər və İdman idarələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbi hissənin zabitləri, eləcə də “Şahin” hərbi-idman oyunlarının hakimləri iştirak ediblər.
Çıxış edənlər birincilikdə iştirak edən komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
Rəsmi mərasimdən sonra məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.
İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılıb, Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.
Facebook'da Paylaş