Vladimir Putin İlham Əliyevi təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
Ordum.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu,
Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, eləcə də ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq genişlənir. Keçən il və daha öncəki ildə bağlanmış üçtərəfli sazişlərə əsaslanaraq, biz Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə işləyirik.
Bu il mühüm nailiyyətlə - Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə yadda qaldı. Əminəm ki, ikitərəfli münasibətləri yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarmaq xalqlarımızın köklü maraqlarına cavab verir.
Sizə, hörmətli İlham Heydər oğlu, səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, bütün vətəndaşlarınıza isə əmin-amanlıq və firavanlıq diləyirəm”.
Facebook'da Paylaş