Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri azad olunan ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Bu barədə Ordum.az Müdafiə Nazirliyindən məlumat verilib.
Mühəndis-istehkam bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 2022-ci ilin əvvəlindən bu günədək 955 hektardan artıq ərazi tam təmizlənib, 233 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14448 hektardan artıq ərazi tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9237 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
Facebook'da Paylaş