Hərbi ekspert: "Minalardan təmizlənən ərazilərdə də təhlükənin olduğu nəzərə alınmalıdır"

7-12-2021, 16:41

Hərbi ekspert: "Minalardan təmizlənən ərazilərdə də təhlükənin olduğu nəzərə alınmalıdır"

“Əslində, Vətən müharibəsi və ondan sonrakı dövrdə hərbi informasiyaların yayılması ilə bağlı həm mediada, həm də cəmiyyətdə xeyli irəliləyişlər müşahidə olundu. Ancaq hələ də bəzi məsələləri anlamayan yetkin olmayan qruplar var”.

Bu fikirləri açıqlamasında Azərbaycan Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu deyib.

“Minalı ərazilərlə bağlı məsələ ikitərəflidir. Məsələ ondan ibarətdir ki, nəhayət, 30 ildən sonra torpaq nisgili bitən insanlar dədə-baba yurdlarını görmək üçün səbirsizlənirlər. Amma bu, bəzən bədbəxt nəticələrə səbəb olur. Biz Suqovuşana səfər zamanı bələdçinin müşayiəti ilə hərəkət edirdik. Bəziləri, təəssüf ki, səhlənkarlıq edirdilər. Dediyim kimi, bəzən də emosionallığa yol verilir”, - o bildirib.

T. Ziyəddinoğlu vurğulayıb ki, bu istiqamətdə medianın üzərinə mühüm iş düşür: “Mediamız öz öhdəliyini yerinə yetirir. Ancaq, necə deyərlər, təkrar biliyin anasıdır. Maarifləndirmə tədbirləri, çağırışları davamlı olmalıdır. Bu məsələ hərbi-vətənpərvərlik mövzusunun tərkib hissəsi olmalıdır. Çünki düşmən dayanmır. Hətta minalardan təmizlənən ərazilərdə də təhlükənin olduğunu nəzərə almaq lazımdır. Məsələn, bizim iki jurnalistimiz - Sirac Abışov və Məhərrəm İbrahimov dəfələrlə yoxlanılmış ərazilərdə şəhid oldular. Mümkün qədər soyuqqanlı olmaq, emosiyadan uzaq qalmaq lazımdır. Lazımi işlər görüləndən, o cümlədən ərazilər minalardan təmizlənəndən sonra hər birimiz Qarabağa rahatlıqla gedəcək, torpaqlarımızı görəcəyik”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert İbrahim Rüstəmli isə bildirib ki, təhlükə kifayət qədər ciddidir: “Mina çox təhlükəli sursatdır. ANAMA-nın son məlumatına görə, minaya düşənlərin 51 faizi qadağan olunmuş ərazilərə keçən vətəndaşlardır. Belə bədbəxt hadisələrin 26 faizi isə təmizlənmiş ərazilərdən kənara çıxmaqla bağlıdır. Bu, insanlarımıza siqnal olmalıdır. Vətəndaşlarımız hüquq-mühafizə orqanlarının çağırışlarına, həmçinin xəbərdaredici lövhələrə diqqətlə yanaşmalıdırlar. Əks halda, həyatlarını itirə bilərlər”.

Onun sözlərinə görə, indi əsas məqamlardan biri təmkinli davranmaqdır: “Mən vətəndaşlarımızın Vətən yanğısını və təəssübkeşliyini yüksək qiymətləndirirəm. Lakin bu, ölüm naminə başa gəlməməlidir. Yəni səbirli olmalıyıq. Dövlətimiz ərazilərin ən yaxın zamanda minalardan təmizlənməsində maraqlıdır. Çünki orada həyat bərpa olunmaqdadır. Biz 80-90-cı illərdən bəri ciddi itkilər verməkdəyik. Heç olmasa, indiki, atəşkəs dövründə itki verməyək. İnsanlarımıza çağırışım budur ki, ehtiyatlı olsunlar, xəbərdaredici işarələrə etinasız yanaşmasınlar. Bu gün dünyada 120 milyona yaxın mina basdırılıb. Gün ərzində təxminən 70 insan minanın qurbanı olur. Onların hər üç nəfərindən biri isə uşaqdır. Gəlin, biz o qurbanlardan olmayaq. Dövlətimizin gələcəyi naminə özümüzü qoruyaq”.

Qeyd edək ki, son bir il ərzində işğaldan azad olunmuş torpaqlarda 180-ə yaxın şəxs minaya düşüb. Bu, maarifləndirici tədbirlərin gücləndirilməsini, o cümlədən televiziyalarda hərbi ekspertlərin iştirakı ilə verilişlərin efirə verilməsini labüd edir. Eyni zamanda şagird və tələbələrə də bu sahədə lazımi biliklər verilməlidir.




Facebook'da Paylaş