Azərbaycan Bayrağı Tbilisi səmasında

8-11-2021, 21:35

Azərbaycan Bayrağı Tbilisi səmasında


Noyabrın 8-də Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunan daha bir fləşmob keçirilib.
Tbilisinin mərkəzi Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz - Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.
Hava şarı Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Şəhər sakinləri və qonaqlar Azərbaycan Bayrağını və Xarı bülbülü maraqla izləyiblər.
Parkdakı “Sülh körpüsü”nün yanında Azərbaycan musiqisi səsləndirilib. Parka toplaşanlar Azərbaycan mahnılarına rəqs edib, birgə mahnılar ifa ediblər.
Bu gün, eyni zamanda, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti qayığı Tbilisinin mərkəzində, Kür çayı boyunca hərəkət edib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb.
Orijinal fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.
Qeyd edək ki, hər iki aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilib.




Facebook'da Paylaş