UCALIQDA QƏRARLAŞAN NAZİM KİRXLAROV
2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı ölüm-dirim savaşı başlandı. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçuları sözün əsl mənasında tarix yazdılar. Azərbaycanın 30 il həsrətində qaldığı tarixi əraziləri - Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Suqovuşan, Şuşa igid və qəhrəman oğullarımızın hesabına erməni işğalından azad olundu. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək tarixi torpaqlarımızı erməni faşistlərindən azad edən igid oğullaran biri də Nazim Kirxlarovdur. Vətən müharibəsində minamyotçu olan Nazim Kirxlarov gənc nəslə nümunə olacaq şərəfli ömür yolu keçib. Nazim Nadir oğlu Kirxlarov 1993-cü il dekabrın 20-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1999-cu ildə Əmircan qəsəbəsindəki 114 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Bu təhsil ocağında iki il oxuduqdan sonra 226 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2008-ci ildə həmin məktəbin IX sinfini bitirib.
2008-ci ildə Nazim Kirxlarov 1 nömrəli peşə liseyinə daxil olaraq, kompyüter ixtisası üzrə təhsil alıb. 2011-ci ildə Nazim Kirxlarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonu İdarəsi tərəfindən hərbi xidmətə çağırılır. 2011-2013-cü illərdə Şamaxı rayonunda yerləşən hərbi hissədə qulluq edir. Nazim Kirxlarov hərbi xidmətini başa vurduqdan sonra hərbiçi olmaq qərarına gəlir. 4 il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda isə şəhid olduğu günə kimi şərəflə xidmət edir. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində Nazim Kirxlarov erməni faşistlərinə qarşı döyüşür. Nazim Kirxlarov Cəbrayılın, Qubadlının, Laçının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Nazim Kirxlarov oktyabrın 21-də Qubadlı rayonundakı dağ yüksəkliyi ugrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 23-də Suraxanı rayonunun Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçu Nazim Kirxlarov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Oğul itkisi ağır olsa da anası Sultanxanım Kirxlarova hər zaman qəhrəman oğluyla qürur duyur. Ana deyir ki, “oğlum ən ağır döyüşlərdə ermənilərin qabağından geri çəkilməyib, mənfur düşməni məhv edib, hətta güllələr başına tərəf tökülsə belə namaz qılıb”. Cəsur döyüşçü Nazim Kirxlarov ölümündən bir gün qabaq komandiri ilə birgə Laçının azad edilməsi uğrunda döyüşə atılır. Həmin döyüşdə komandir şəhadətə ucalandan sonra o, komandirinin qisasını almağa and içir. Bir gün sonra Nazim Kirxlarov əsl kişi kimi döyüşərək erməni faşistlərindən komandirinin qisasını alır. Ancaq qəflətən düşmənin atdığı minomyot qəlpəsi Nazim Kirxlarovu şəhidlik zirvəsinə ucaldır. Minomyotdan qopan digər qəlpə isə onun döyüşçü yoldaşı Mirkənanı ağır yaralayır.
Sultanxanım ananın dilindən düşməyən sakit, dözümlü, əxlaqlı, qeyrətli, vətənpərvər övlad olan Nazim Kirxlarovla bütün Azərbaycan fəxr edir. Şəhid atası Nadir müəllimə, şəhid anası Sultanxanım anaya təşəkkür edirik ki, onlar Vətən üşün qəhrəman oğul böyüdüblər. Bu günlərdə 44 günlük Vətən müharibəsi şəhidi Nazim Kirxlarovun anım günündə adının əbədiləşdirilməsi üçün Suraxanı rayonunun Əmircan qəsəbəsində bulaq-abidə kompleksi istifadəyə verilib. Qədirbilən xalqımız tərəfindən yaradılan bulaq-abidə kompleksi bir daha şəhid Nazim Kirxlarovun ruhuna böyük ehtiramdır ki, yüz illər ötsə belə onun xatirəsi unudulmayacaq.
Təranə Cəbiyeva
Facebook'da Paylaş