ŞƏHADƏTƏ UCALAN SƏBUHİ ORUCOV

24-10-2021, 09:28

  ŞƏHADƏTƏ UCALAN SƏBUHİ ORUCOV

2020-ci il oktyabrın 26-da tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan savaşda Səbuhi Orucov şəhadətə yüksəldi. 44 günlük Vətən müharibəsində iştirak edən, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Səbuhi Orucov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Oktyabrın 22-də hərbi qulluqçu Səbuhi Orucovun xatirəsi əbədiləşdirilərək yaşadığı evin yaxınlığında bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimi Azərbaycan Dövlət Himni ilə başladı. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayon hüquq-mühafizə orqanlarının və RİH-nin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər, döyüş yoldaşları, qəsəbə sakinləri, şəhid anaları, məktəblilər iştirak edib.

Tədbirdə şəhid Səbuhi Orucovun Vətən müharibəsindəki qəhrəmanlıq və şücaətindən, onun Vətənə, torpağa bağlılığından, igid, qorxmaz olmasından, eyni zamanda şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğu diqqətə çatdırıldı. Anım mərasimində bədii qiraət ifaçısı Ağalar Bayram, məktəblilər çıxış edərək, şəhidlərə, Vətənə və Azərbaycana həsr olunan şeirlər söylədilər. Sonda mərasim iştirakçıları bulaq-abidə kompleksinni önünə gül dəstələri qoydular.



Təranə Cəbiyeva




Facebook'da Paylaş