3000 şəhid ruhu, 10000 yaralı könül var... Vətən Müharibəsinin şəhid psixoloqu
Qucağımda ətrini saxlamışam
Qara torpaqda yatmışam.
Cavan getməyin yandırdı məni,
Yorğun balam, Ruhidim,
Bayraqdan bəy libası seçdim sənə, Ruhidim.
Anası ağlayar balasına, lay-lay
Ağlayar torpaqda yatanına, lay-lay...
Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi. Adsız kiçik küçə. Bu nazik küçə hələ belə izdiham görməyib. Heç vaxt quru, münbit olmayan xırda daş basmış yola bu qədər ayaq döyülməyib. Heç vaxt belə ağır-ağır addımlanmayıb yollar. İndi kişisindən qadınına, kiçiyindən böyüyünə - hamı bir evə tələsir...
Ruhid Uğur oğlu İslamlı. Gənc psixoloq. Ailənin tək oğlu, bacısının yeganə qardaşı, qəsəbənin isə Vətən Müharibəsində həlak olan ikinci şəhidi...
Mən də o evə tələsirəm. Qurulmuş iki mağardan birinə yaxınlaşanda məni şəhidimizin yeznəsi Zair Nəsirov qarşılayır. Başsağlığı verəndə mağardan eşitdiklərim hamı kimi məni də titrədir:
"İndi qazilər Xudayar təsnifi ilə evlənir, qızlar gəlin köçürlər...".
İndi toyunu görmədiyi oğluna ağlayan ananın, atanın üzünə necə baxasan? Necə deyəsən ki, oğlunun ruhu buradadır, bir az toxdat özünü... alınmır, olmur! Ürəyi parçalanan ana yana - yana deyəndə ki "indi bəy tərifi edilməli oğluma mərsiyə deyirlər", nə cavab verəsən?!
Ruhid Uğur oğlu İslamlı aprelin 3-ü 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olublar; valideyn və 1 bacı, 1 qardaş. 2000-ci ildə ailəsi Bakıya köçüb: Atası Uğur, anası Təranə, bacısı Fatimə və özü. Ruhid 4 yaşından bağçaya, sonra isə (2005-ci ildən) Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli orta məktəbdə təhsilini davam etdirib.
Necə deyirlər onu; on barmağında on mərifət vardı...
Uşaqlıqdan cüdo, ciu-citsu, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub. Bir neçə məsul yarışlarda iştirak edərək 1-ci və 2-ci dərəcəli yerlərə çıxıb. Azərbaycan Respublikası Çempionatında muay-tay üzrə yarışda dərəcə almaqla yanaşı, beynəlxalq turnirlərdə də iştirak edib.
Gücü təkcə qolunda deyildi, həm də... Orta məktəbdə oxuduğu illərdə Viktorina, olimpiada, hərbi yarışlarda iştirak edib. Səsi eşidənləri şənləndirər, nitqi dinləyənləri fərəhləndirərdi. Sosial aktivliyi ilə seçilən Ruhid bir sıra milli, ideoloji tədbirlərin təşkilatçılığı ilə də yadda qalıb.
2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlayıb. Müxtəlif təşkilatların sədri olub. O, Azərbaycan Maarifçilər Assossiysiyasının üzvü seçilərək bir neçə layihənin rəhbəri kimi çıxış edib. Beləcə, 2020-ci ildə ali təhsilini uğurla başa vurub. Elə həmin ilin iyulunda (29-da) həqiqi hərbi xidmətə çağırılıb.
Atası Uğur İslamlı deyir ki, Vətən Müharibəsində, 2020-ci il sentyabrın 27-dən könüllü ərizə yazaraq, gənc əsgər bölüyündən döyüşlərə qatılıb: "Burada rabitəçi kimi xidmətini davam etdirib. 2020-ci ilin oktyabrın 6-da respublikanın ən ucqar postunda - Çənlibeldə qəhrəmanlıqla şəhid olub. Bəzən oğlumun şəhid olduğu yeri Ağdərə-Tərtər istiqaməti kimi yazırlar, lakin Çənlibel postuni yazmağı unudurlar. İstiqamət olaraq doğrudur, Ağdərə - Tərtər yazıla bilər, ancaq daha doğru olar ki, istiqaməti Goranboy - Kəlbəcər kimi qeyd etsinlər.
Şəhid Bakı şəhər Suraxanı Rayonu, Dədə Qorqud qəsəbəsində dəfn olunub. Vəfatından sonra əsgər Ruhid Uğur oğlu İslamlı "Vətən uğrunda" medalı ilə təltif edilib.
Var döyüş, var müharibə, biri də var Vətən Müharibəsi. Müxalifətindən tutmuş iqtidarına kimi bütün partiyalar həmrəy olursa, bu, Vətən Müharibəsidir. Bir nisgil min cana, bir evin itgisi elin itgisinə çevrilirsə, bu, Vətən Müharibəsidir. Bu müharibədə gözlərimizin görmədiyi, qulaqlarımızın eşitmədiyi nə qaldı ki? Hansı ayrılıqları yaşamadıq ki? Neçə dəfə yandıq, neçə dəfə öldük, bilmirəm. Amma şəhidlərimizin, qazilərimizin, müharibənin bütün iştitakçılarının Zəfəri ilə yenidən doğulduq.
Azadə Yolçu
Facebook'da Paylaş