Niyə yenə Muradov?
5 erməni nəyin qarşılığında qaytarıldı? Niyə yenə Muradov?Qaytarılan şəxslərin artıq adları açıqlanıb. Bunlar Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Soqomonyandır.
Onların qaytarılmasında isə olduqca maraqlı məqamlar var.
1. Qaytarılanlar bundan öncəkilərdən fərqli olaraq, yüngül cinayət edən və 6 ay cəza alanlar, yaxud sərhədi səhvən keçənlər deyil. Bu şəxslər konkret cinayət əməlinə görə ittiham olunublar. Məsələn:
- Karapetyan Rafik Robertoviç, Soqomonyan Setrak Samveloviç, Ambardanyan Mels Karapetoviçin cinayət işi (digərləri ilə birgə) Azad Məcidovun sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində aparılıb. Onlar CM-in 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə suçlu biliniblər. 23 iyul 2021-ci ildə barələrində 6 il müddətinə həbs qərarı verilib.
- Manukyan Ovsep Robertoviçin (digərləri ilə birlikdə) cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində sübut olunub. O da CM-nin Məcəlləsinin 228.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib. 29 iyul tarixində barəsindən hökm verilib, 6 il cəza alıb.
- Manukyan Jora Vanoeviçin (və digərlərinin) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılıb. CM-in 228.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib, 22 iyulda barəsində 6 il həbs cəzası çıxarılıb.
2. Bu qaytarılma zamanı yenə də Rüstəm Muradovun birbaşa iştirakını görürük. Maraqlıdır, Rüstəm Muradov artıq bir aydan çoxdur ki, sülhməramlıların komandanı deyil. Hətta ondan sonra Mixail Kosobokov təyin edilmişdi, 2 həftədən sonra Kosobokovu Gennadi Anaşkin əvəz etdi.
R.Muradovdan sonra az müddət olsa belə, iki komandan dəyişib. Amma terrorçuların qaytarılmasına yenə Rüstəm Muradov rəhbərlik etdi.
Belə məlum olur ki, bu, sülhməramlı missiyadan daha artıq bir məsələdir. Əgər “sülhməramlı dəyişmə” olsa idi, onda Anaşkin fəallıq göstərərdi.
Terrorçular nəyin əvəzində verildi?Bir neçə gün öncə Qarabağda erməni terrorçularının Azərbaycan əsgərini şəhid etməsi və cavablarını alması qarşılığında bu gün terrorçuların geri verilməsi ciddi bir anlaşmadan xəbər verir.
Ona görə də mina xəritəsi (1), Qarabağdakı erməni terrorçuların çıxarılması (2) və dəhliz məsələsi (3) ehtimalları və ya bunların hamısının “bir səbətdə” olması gündəmə gəlir.
3-cü variantı gücləndirən səbəb baş nazir müavinlərinin Moskva görüşünə hazırlıq və bu görüşdə kommunikasiyaların açılmasının müzakirə ediləcəyidir.
Mümkündür ki, məhz buna görə vasitəçiliyi yenə R.Muradov edib.
Facebook'da Paylaş