Azərbaycan yeni artilleriya qurğularını işə salıb

18-09-2017, 15:36


    




Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayıb.

Azərbaycan Silahlı Qüvvələri təlimlərdə Çexiyadan yeni aldığı 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsaları və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemləri ilk dəfə nümayiş etdirib.

Hərbi ekspert Rəşad Süleymanov saytımıza bildirib ki, hər iki artilleriya sistemləri Azərbaycan Ordusunun bu gün başlayan genişmiqyaslı təlimində ilk dəfə istifadə olunub.

Ekspertin sözlərinə görə, “Dana” özüyeriyən haubitsalar və RM-70 reaktiv sistemləri 2016-2017-ci illərdə alınıb: "Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. “Dana” 8×8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.

122 mm çaplı RM-70 “Vampir” “Tatra T-813” şassisi üzərində yerləşir. RM-70 “Vampir” 2,5 dəqiqədən az müddətdə atəşə hazır ola və 3 dəqiqə ərzində döyüş mövqeyini tərk edə bilər. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır".



R.Süleymanov qeyd edib ki, “Vampir”in əsas özəlliklərindən biri də döyüşə hazır olan 40 raketlə bərabər maşın üzərində əlavə 40 raket blokunun da olmasıdır: "Bu sayədə bir sistem vaxt itirmədən qısa müddətdə 80 raketin atışını həyata keçirir. Çexiya istehsalı olan raketlərlə “Vampir” 20381 metr məsafəyə atəş açır və maşın bir buraxılışda 3.5 hektar ərazini məhv edir".

Qeyd edək ki, sentyabrın 22-dək keçiriləcək təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.




Facebook'da Paylaş