DİM hazırlıq kursları açır

15-09-2017, 12:09


Dövlət İmtahan Mərkəzi (DİM) 18 oktyabr 2017-ci il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Bakıda, eləcə də Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində hazırlıq kursları təşkil edir.

 
DİM-dən verilən məlumata görə, hazırlıq  kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.
 
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. 
 
Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.“Şəxsikabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir və onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilər.
 
Qeyd
 
- Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar üçün hazırlıq kursları ödənişsizdir.
 
- Elektron qeydiyyatla bağlı hər hansı sual yaranarsa, Mərkəzin Abdulvahab Salamzadə 28, ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərsiniz (telefon nömrəsi:431-63-86/87/91 (daxili nömrə: 1-32)) .




Facebook'da Paylaş