Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

13-05-2024, 14:40

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Əsirlikdən qurtulmuş Qarabağın tacı olan Şuşa bu gün ideoloji, ictimai-siyasi tədbirlərin mərkəzinə çevrilərək yeni bir dövrünə qədəm qoyub: abadlıq-quruculuq dövrünə. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərində tarixi və dini abidələr, muzeylər planlı şəkildə bərpa olunur və yeni yaşayış yerlərinin təməli qoyulur, eləcə də təmir və bərpadan sonra istifadəyə verilir. Artıq bir çox işğaldan azad olunan ərazilərimiz Füzuli, Laçın kimi Şuşamız da ilk sakinlərini qoynuna alır. Otuz iki ildən sonra doğma Şuşaya qayıdan əzəli sakinlər ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri çərçivəsində birinci yaşayış kompleksinin açılışında iştirak edərək, yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olub, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim. Bu illər ərizində dövlət başçısının siyasi iradəsi ilə ardıcıl olaraq görülən işlər, keçirilən görüşlər, müxtəlif müstəvidə aparılan danışıqlar münaqişənin sülh yolu ilə həllinə gətirib çıxara bilmədi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin iqtisadi qüdrətinin artması, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Ölkəmizin, iqtisadiyyatımızın gücləndiririlməi, ordu quruculuğunu moderinləşməsi, güclənməsi, vətənpərvər ruhlu gənclərin yetişməsi zəfər tariximiz yaşamağa istiqamətlənmiş amillər sırasında idi. "Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik" – deyən Prezident bütün Azərbaycan xalqının 44 gün ərzində bir yumruq kimi birləşdiyini diqqətə çəkib. Mənfur düşmən özlərini uydurduqları miflərə inandırmışdılar ki, işğal etdikləri ərazilərimizdə əbədi olaraq yaşayacaqlar. "44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı"- deyə Prezident bildirib.
Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Zəfər qazandıq. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Və Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhrünü vurdu.
Azərbaycan ötən ilin sentyabrında antiterror əməliyyatı nəticəsində əzəli torpaqları işğalçılardan azad edərək, bütöv Azərbaycan süverənliyi təmin olundu. Cənab Prezidentin vurğuladığı kimi, heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan Azərbaycana qaytarılır. Dövlətimizin başçısı bildirdiyi kimi, delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.
İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra Şuşada quruculuq işlərinə start verildi. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi və indi magistral avtomobil yolun çəkilməsi davam edir. Cənab Prezident verdiyi mesaja əsasən, yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Dövlət başçısının səfəri çərçivəsində isə Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Görülən işlər sırasında Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Bu gün artıq Şuşada dörd mehmanxana fəaliyyət göstərir. Beşulduzlu Şuşa mehmanxanası isə Şuşanın müasir görkəmini özündə əks etdirir.
Cənab Prezident çıxışında ötən tarixi dövrümüzə nəzər salaraq ötən əsrin son onilliyinin ilk illərində baş verən olaylara da diqqəti çəkib. "Hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi. Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur". Səbatsız və təsadüfi insanlar hakimiyyətə gəlməsi, idarəçilikdə xaos, anarxiya Azərbaycanı böhran vəziyyətə gətirib çıxarmışdı. "Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" – deyən Cənab Prezident bildirib ki, Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Məhz belə insanların hakimiyyətdə olması ərazilərimizin, eləcə də Şuşanın işğal altına düşməsinə səbəb oldu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxardı. Köklü islahatların aparılması nəticəsində Azərbaycan yeni bir dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
Bu gün Ulu Öndərin siyasi kursunu davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu gün Şuşada görülən və görüləcək bütün işlər bunlarla bitmir. Tezliklə Azad Şuşamız müasir bir məkana çevrilir.

Hidayət Ağayev, Əməkdar müəllim




Facebook'da Paylaş