Azərbaycan erməni təbliğatını necə dağıdıb?
Prezident İlham Əliyev: “Müharibə bitsə də, mübarizə hələ davam edir”
Azərbaycan Ordusu Vətən müharibəsində gücünü Ermənistana və ümumiyyətlə, bütün dünyaya göstərdi. Dünya artıq Azərbaycanı qalib ölkə kimi tanıyır. Bunu Prezident İlham Əliyev öz çevik diplomatik səriştəsi ilə bacardı. Çünki Vətən müharibəsindən sonra ən vacib iş siyasi müstəvidə də şanlı Qələbəmizi beynəlxalq aləmə qəbul etdirmək idi. Prezident İlham Əliyev yerli televiziya kanallarına yanvarın 10-da verdiyi müsahibədə qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Dövlətimizin başçısının sözlərinə görə, artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Belə olan halda bu gün əsas məsələlərdən biri bütün istiqamətlərdə informasiya cəbhəsində düşməni qabaqlamaqdır. Bunu bacaracaq mükəmməl ictimai-siyasi gücə sahibik. Cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarı istənilən zaman dünya azərbaycanlılarını səfərbər edərək ayaqda saxlamaq ikanına malikdir. Çünki biz bu qürurlu anları Vətən müharibəsi günlərində yaşamışıq. Dünya azərbaycanlıları birlik və həmrəylik nümayiş etdirərək xalqımızın haqq səsini dünyaya çatdırdılar. Artıq Vətən müharibəsindən sonra yalnız müdafiə mövqeyində qalmaq olmaz. Bütün sahələrdə, xüsusən də informasiya müharibəsində hücum mövqeyində olmağımız önəmlidir. Biz hücum mövqeyində möhkəmlənərək daimi ayaqda qalmalıyıq. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, müharibə bitsə də, mübarizə hələ davam edir: “Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq”.
Düşmənin saxtakarlıqlarına cavab verməklə məşğul olmamalıyıq. Strateji planlar quraraq erməni yalanlarını ifşa etməliyik. Zamanın tələbinə uyğun layihələr həyata keçirmək lazımdır. Həqiqi, əsl tariximizi xalqımıza, beynəlxalq aləmə çatdırmalıyıq. Cənab Prezident müsahibəsində bildirib ki, erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu: “Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı”.
Artıq dünya bilməlidir ki, bu gün Ermənistan deyilən ərazidə 1918-ci ilə kimi erməni dövləti olmayıb. İrəvan Azərbaycanın qədim şəhərinin tarixi kimi öyrənilməli və bu tarixi fakt beynəlxalq medianın diqqətinə çatırılmalıdır. Qərbi Azərbaycanın hər bir toponiminin tarixinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bunu bütün dünyaya təqdim etməkdir. Tarixin önünə keçilməlidir... Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də toxunaraq qeyd edib ki, Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur: “İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil”.
Ermənilər saxtakarlıqlarını davam etdirərək özlərini Cənubi Qafqazın ən qədim xalqlarından biri kimi dünyaya təqdim etməyə çalışırlar. Buna görə də ermənilərə qarşı önəliyici, qabaqlayıcı tədbirlər görülməlidir. Cənab Prezidentin dediyi kimi, bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Fikrimizcə, ermənilərin buna heç bir haqqı çatmır. Amma onlardan fərqli olaraq, bizim haqqımız çatır. Çünki tarixi faktlar da bizim haqlı olduğumuzu sübut edir. Artıq Azərbaycan tarixçilər İrəvan və Zəngəzurun tarixini yenidən yazmalı, yeni-yeni faktlar üzə çıxarmalıdırlar. Ümumiyyələ, bu mövzuya strateji yanaşılmalıdır. Cənab Prezident tarixçilər qarşısında bunu xüsusi vəzifə olaraq qoyub. Artıq Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması ilə bağlı xüsusi işçi qrupu yaradılıb. Bu mövzuda vahid konsepsiya işlənir. Məhz bu konsepsiya dünyaya yayımlandıqdan sonra ermənilər hər hansı əks arqument ortaya qoya bilməzlər.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Facebook'da Paylaş