Laçın şəhərindən yan keçən dəhlizin Ermənistan ərazisinə düşən hissəsinin tikintisinə avqustda başlanacaq
Ermənilər Laçın şəhərindən yan keçən dəhlizin Ermənistan ərazisinə düşən hissəsinin tikintisinə avqust ayında başlayacaq.
Ordum.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyindən bildirilib.
Qeyd edək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.
Erməni silahlı dəstələri Laçını 1992-ci il may ayının 18-də işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.
Facebook'da Paylaş