Litva Seymi Rusiyanın Ukraynaya təcavüzünü soyqırımı kimi tanıyıb
“Kreml rejimi Ukrayna xalqını məhv etməyə çalışır, ona görə də bu cür hərəkətlər soyqırım kimi tanınmalıdır və Rusiya terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir”.
Ordum.az xəbər verir ki, bu fikirlər Litva Seyminin qəbul etdiyi qətnamədə əksini tapıb.
Seym deputatları müvafiq qətnaməni yekdilliklə qəbul ediblər.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusilə Buça, İrpen, Mariupol, Borodyanka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədiblər.
Sənəddə vurğulanıb ki, məqsəd Ukrayna xalqını tam və ya qismən məhv etməklə ruhunu sındırmaqdır:
“Litva Seymi Rusiya Federasiyası Silahlı Qüvvələrinin və onun siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı 2022-ci il fevralın 24-də başlanmış genişmiqyaslı silahlı təcavüzünü Ukrayna xalqının soyqırımı kimi tanıyır”.
Həmçinin qeyd olunub ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və beynəlxalq ictimaiyyət Rusiyanın suveren Ukraynaya qarşı təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalını yaratmalıdır.
“Silahlı Qüvvələri qəsdən və sistemli şəkildə mülki obyektləri bombardman üçün hədəf seçən Rusiya Federasiyası terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlətdir”, - qətnamədə vurğulanıb.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Facebook'da Paylaş