Zəfər Yolu
Zəfər Yolu
Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan yeni əsrin ən böyük “Zəfər yolunu” başa vurmuş və qızıl hərflərlə tarixə düşmüşdü. Bəli, bu tarix digərlərindən çox fərqli idi. Çünki bu tarix Azərbaycan əsgərinin qanı ilə yazılan və yaddaşlara həkk olan tarix idi. Bu tarix namus, əqidə üstündə qurulan, öz canlarını torpağa bağışlayan, sevinc və kədəri bir gətirən “Zəfər Yolu” tarixi idi.
Xalq olaraq belimizdə çox ağır bir yük var idi, sanki Himalay dağları üstümüzə çökmüşdü. Bəs nə idi bu yük? Bəli, bu yük 30-illik düşmən taptağı altında olan Qarabağ yükü idi. Kimisi o torpaqların həsrəti ilə canını tapşırdı, kimisi isə bu acı reallıq ilə həyatına davam etdi. Lakin ümid var idi üç rəngli bayrağımızın Qarabağda dalğalanmasına. 2020-ci il – Ermənistan tərəfi yeni təxribatlara əl atmağa davam edirdi. Artıq Azərbaycan xalqı, Azərbaycan dövlətinin səbri tükənmişdi. Həmin ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətdəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturuldu. Döyüşlərdə 3- cü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə yanaşı, Azərbaycan ordusunun 12 hərbiçisi və bir mülki şəxs həlak oldu. Ermənistan tərəfi bununla kifayətlənməyib yeni təxribatlara əl atdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev, Rsuiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00- dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Müqaviləyə əsasən Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. 2 minə yaxın rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi. Artıq müharibə bitmişdi. Qəribə bir ab-hava var idi, Azərbaycanda. Sevinc və kədər göz yaşları dəli Kürlə sakit Arazın birləşdiyi kimi qarışmışdılar bir- birlərinə. Bütün Azərbaycan üçrəngli bayrağa bürünmüşdü.
Bəli, müharibə göz yaşı, kədər gətirir. Gedənlər bir də qayıtmayacaq. Onlardan bizə xatirə olaraq ailələri və yaxınlarının o ürək dağlayan sözləri qalacaq. -Bir ali təhsilli əsgər yoldaşım var idi. Mənə söz vermişdi ki, tərxis olandan sonra yanına gələcəm. Tərxisinə 3 ay qalmışdı ki, şəhid xəbərini eşitdim. Həmin gecə yuxuma gəlmişdi. -Müharibə vaxtı döyüş yoldaşım qollarımda şəhid oldu. Son sözü isə “Atama deyin ki, mən yaramaz, tənbəl deyildim, vallah, deyildim !”
Baş gizir rütbəsində olan bir qardaşı hospitala gətirdik. Əməliyyatxanada çarpayıya yatırdıq. İki ayağı dizdən aşağı yox idi. Gözümün içinə baxdı, “qoymayın ölüm, üç balam var”,- dedi və şəhid oldu. Unutmayın ki, əgər rahat nəfəs alıb, gəzib, istədiyiniz hər şeyi rahat edə bilirsinizsə, bunların hamısını bu dünyadan köçən şəhidlərə borclusunuz.
Bir gün çiyinlərdə bir tabut gedər,
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.
Daha ulduzlara tənha baxarsan,
Tənhalıq bıçaqtək tökər qanını.
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.
Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını,
Min günəş çıxsa da qurutmaz artıq.
Qalarsan əllərin yanaqlarında,
Axan göz yaşını silib gedərsən.
Ürəyin istəsə, açıqdır qapım,
Hərdən məzarıma gəlib-gedərsən.
Gəlib baş ucumda durarsan səssiz,
Ruhum səni görüb sevinər bəlkə.
Onda nə çəkmişəm bilərsən sənsiz,
Buz kəsmiş ürəyin isinər bəlkə.
Sonra baş daşımda rəsmimə baxıb,
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az. Mayıl SOLTANOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
Facebook'da Paylaş