ŞƏHİD BACISININ ARZUSU…

26-07-2024, 08:53

ŞƏHİD BACISININ ARZUSU…


ŞƏHİD BACISININ ARZUSU…

18 iyul 1979- cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olan Yusifov Mehman Musa oğlu 1985-ci ildə elə həmin kəndin indiki Elşad Orucov adına tam orta məktəbində birinci sinfə daxil olub. 1996-cı ildə tam orta təhsilini başa vurduqdan sonra 1989-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətini yüksək nizam-intizamla başa vurub. 2002-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Gizirlik kursu"na daxil olub. Elə həmin vaxtdan etibarən XTQ-də xidmətə davam edib. O, əzmi və dəyanətilə öz üzərində çalışaraq saysız-hesabsız kurslar keçmiş lazımi bacarıq və biliklərə sahib olmağı bacarmışdır. Bir neçə dil bilirdi.
Vətən sevgisinin qüdsiyyəti onu yüksək amal və arzular uğurunda çalışmağa sövq edirdi. Mehman qeyri-adi bir insan, dəyərli qardaş, etibarlı dost, cəsur və qəhrəman vətənpərvər oğul, qayğıkeş ata idi. Böyük fədakarlıqlar və yüksək insani keyfiyyətlərinə və diqqətcilliyinə görə onu tanıyan dost-tanışları arasında "Dayı" ləqəbini qazanmışdır.
Ömrünün, həyatının yarıdan çoxunu vətənin müdafiəsinə həsr edən qardaşım Mehman Yusifov xidməti dövrü ərzində qüsursuz xidmətlərinə görə 5 medal və çoxsaylı Fəxri Fərmanlarla təltif olunub. O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə 5 oktyabr 2020-ci il tarixində şəhadətə ucalmışdır. XTQ-nin Baş giziri qardaşım Yusifov Mehman Musa oğlu şəhidliyindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv olunması üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq və şücaət nümunəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif olunub. Şəhidimiz həmçinin "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ağrısı, acısı və itkisi böyük olsa da mənim üçün iftixarlı və qürurlu bir hissdir ki, vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçərək qanları bahasına Azərbaycan tarixinin şanlı səhifəsinə QƏLƏBƏ İMZASI çəkənlərdən biri də mənəm canım- qardaşım Yusifov Mehman Musa oğludur. Qardaşım Yusifov Mehman Musa oğlunun simasında cəmi şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirəm. Ruhları şad olsun. Amin, İnşallah!
Qeyd edim ki, qardaşım Yusifov Mehman Musa oğlunun Məhəmməd və Süleyman adlı iki oğlu, Fatimə adlı bir qızı bizlərə əmanət qalıb. Onların simasında bütün şəhid övladlarına gözəl gələcək, sağlam və mənalı bərəkətli ömür diləyirəm. Hər birini əzəmətli və Uca Rəbbim qorusun. Amin!
Şərəfli ömür yolunu vətənə həsr etmiş yüksək "Qarabağ" ordenli XTQ-nin baş giziri şəhid Yusifov Mehman Musa oğlunun adının əbədiləşərək bir məktəbə verilməsi şəhidimizin əzizləri və yaxınları olaraq Dövlətimiz və millətimizdən ən böyük istək və arzumuzdur. Çünki vətən sevgisinin qüdsiyyətindən başı ərşə dayanan şəhid Yusifov Mehman qüsursuz xidmətləri ilə bu ada layiqdir. Onun müqəddəs adının bir elm ocağında əbədiyyən qalıb yaşaması bizlər üçün bu dünyada ən böyük təsəlli olar.
O, bu dünyadan 41 yaşında şərəf və ləyaqətlə köç eylədi. Bu gün həyatda olsaydı 45 yaşı tamam olardı. Özləri cavan qalıb yaşları hər il bir pillə qocalan qəhrəman oğulların hər birinin müqəddəs ruhlarına salam-salavatlar müqəddəs zikr və dualar bizlərdən Allah qatında ən gözəl hədiyyə olsun İnşallah!

MÖVLUDUN MÜBARƏK ŞƏHİDİM!

Yaralı köksümdə ey yanan şamım,
Ruhu aram edən, zikri-salamım.
Xisləti pak olan, gözəl məramım.
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Müqəddəs bir məqam, bayraq zirvəlim,
Ali eşqə sahib, vətən mürsəlim.
Allahın aşiqi, saf əqidəlim.
Ey cənnət sərvəri cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Gəlib ziyarətə vətən sevənlər,
Ruhunu yad edir qədir bilənlər.
Üzülüb, kövrəlib Mehman sevənlər...
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Müşk-ənbər ətirli, behişt bağısan,
Anamın köksündə həsrət dağısan.
Qürur, iftixarsan, həm də ağısan,
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Zəkiyyə adına qurbandı Mehman,
Gözyaşım lal axan ümmandı Mehman.
Qırx beş il ən gözəl dövrandı Mehman,
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!


Zəkiyyə MUSAQIZI
AJB üzvü




Facebook'da Paylaş