ŞƏHİDLİK elə bir ZİRVƏDİR ki...
ŞƏHİDLİK elə bir ZİRVƏDİR ki...Bərdə Şəhidlər Xiyabanında hər gün bir Ananın – istidə, soyuqda, qarda, yağışda ünvan seçib təskinlik tapdığı “kiçicik” bir məkan var – Vətəni uğrunda körpə canını əsirgəməyən yeganə Şəhid balasının uyuduğu məzar...
Hər gün ora gəlib balasını əzizləyir, oxşayır, uyuduğu torpağı qoxlayıb sinəsinə çəkir, azacıq da olsa təskinlik tapıb geri qayıdır. Beləliklə, bu hal illərdir davam edir...
Bu Ana 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda başlanan döyüş əməliyyatlarına qatılıb şərəfli bir döyüş yolu keçən, 2020-ci il oktyabrın 23-də Ağdərə döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalan Şahmuraz Əyyub oğlu Hümbətzadənin Anasıdır - Cəmilə anadır...
* * *
Hümbətzadə Şahmuraz Əyyub oğlu 1998-ci il sentyabr ayının 8-də Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur.
2004-cü ildə Şorəlli kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur.
* * *
İllər öncə Mübariz İbrahimovun qəhrəmanlığı, 2016-cı il 2 Aprel tarixində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlar gənclərimizin vətənpərvərlik hissini artıq alovlandırmışdı...
General-mayor Polad Həşimovun ölümü cəmiyyətimizdə böyük bir oyanışa səbəb oldu. Bütün xalq, xüsusilə gənclər ayağa qalxaraq Qarabağ uğrunda savaşa hazır olduqlarını bildirdilər. Minlərlə Azərbaycanlı gənc könüllü olaraq orduya yazıldı. Sentyabrın 27-də müharibə başladıqda isə, hətta xaricdə olan bəzi həmvətənlərimiz də ölkəyə qayıdaraq, döyüşlərə könüllü getdilər.
* * *
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhid olan Şahmuraz Əyyub oğlu Hümbətzadə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Həmçinin Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Şahmuraz Hümbətzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Bəşər övladı dünyanı dərk edən gündən böyük zirvələr fəth etmək üçün var gücü ilə çalışır, mübarizə aparır, hətta müharibə etməkdən, qan tökməkdən də çəkinmir.
Lakin Tanrı dərgahında bir Zirvə var ki, onu fəth etmək hər kəsə nəsib olmur.Bu - Şəhidlik Zirvəsidir... Müqəddəs Kitabımız Qurani-Kərimdə bu zirvəni fəth edənlərin əməli yüksək qiymətləndirilir və Tanrı tərəfindən mükafatlandırılmaları barədə xəbərdarlıq edilir...
Kimdir Şəhidlər... Yüksək amal, məslək, əqidə, yurd, vətən, din uğrunda gözünü qırpmadan canını fəda edən şəxslərdir Şəhidlər...
Təəssüf ki, yaşadığımız maddi dünyada Şəhidlərin necə böyük bir məqama yetişdiklərini bəşər övladı o qədər də dərk etmir. Şəhidlər üçün göz yaşları axıdır, onların halına acıyırlar...
Həzrəti Məhəmməd Peyğəmbərimiz buyurur: “Şəhidlər Allah qatında o qədər yüksək mükafatlandırılar ki, Şəhid olmaq üçün bir də geri dönüb yenidən Şəhadətə can atmaq istərlər”...
“Allah Şəhidlərə 70 məqam, mükafat verər, ən kiçiyi də odur ki, bütün günahları bağışlanar. Məşhər zamanı 70 əziz adamını sorğu-sualdan azad edər...”
Allah qatında ən Böyük Şəhid İmam Hüseyn sayılır...
Xanım Zeynəb İmam Hüseynin kəsilmiş başının üzərində dayanıb: “Allahım, bu kiçik qurbanı bizdən qəbul eylə” – deyir...
Allah Şəhidlərimizin əzizlərinə Xanım Zeynəb dözümü versin...
Mülayim Vəliyeva,
filoloq
Facebook'da Paylaş