GÜLÜMSƏ, EY GENERAL..

8-07-2022, 19:13

GÜLÜMSƏ, EY GENERAL..

GÜLÜMSƏ, EY GENERAL...
...Səmayə ana hər gecə şəklinə baxıb oğluyla danışır, sonra gülümsəyərək “Gecən xeyirə qalsın”, - deyir. Ana bir az mürgüləyir, yuxusu qaçır, yenə gözləri önündə balaca Polad dayanır. “İlahi, bu nə gözəl uşaqdı!”, -deyə, təbəssümlə o anları xatırlayır... Polad addım atır, böyüyür, əvvəl bağçaya, sonra məktəbə gedir. Fotoaparatla şəkil çəkməyi xoşlayır, idmanla məşğul olur, şahmat oynayır. Artıq 16 yaşına gəlib çatır, özünü kişi kimi hiss edir və hərbçi olmaq qərarını verir. Qarabağ müharibəsi onu çox narahat edir, gənc yaşlarından döyüşlərə can atır. Birinci Qarabağ Müharibəsində, 1992-ci ildə Ağdamın Mərzili və Novruzlu kəndləri uğrunda döyüşlərə qatılır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşır.
Uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət edir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışır. 28 yaşında "mayor" hərbi rütbəsini alır və 2003-cü il iyunun 24-də Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Getdikcə mükafatlarının sayı artsa da, generalın qəlbi Qarabağ sarıdan çox narahat idi... Və nəhayət 2016-cı ilin Aprel döyüşlərində o, Birinci Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi kimi iştirak edir. Beləliklə, cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunur. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Ordumuz tərəfindən işğaldan azad edilir. P.Həşimov ölkə başçısı İlham Əliyev tərəfindən təltif edilir. O, böyük ürək sahibi idi. Odur ki, dövlətin ona verdiyi evi şəhid ailəsinə bağışlayır.
2020-ci il iyulun 12-də düşmən təxribatıyla Tovuz döyüşləri başlayır. Ancaq Ordumuzun cavab tədbirləri nəticəsində düşmən susdurulur. Müharibə isə itgisiz ötüşmür, qəlbimizə yaralar vurur. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olur. Bu döyüşlərdə general-mayor Polad Həşimov da qəhrəmancasına ön xətdə şəhid olur. Onun həlak olmasını xəyanətlə də əlaqələndirənlər çoxdu. Hər iki halda general-mayor Polad Həşimov Vətən uğrunda, böyük arzu və amallar uğrunda şəhidliyə yüksəlib. Onun şəhadətə yüksəlməyi ilə minlərlə gənc səfərbər olur və Qarabağ uğrunda savaşmağa hazır olduqlarını bəyan edirlər. Çox çəkmir ki, 27 sentyabr 2020-ci ildə İkinci Vətən Müharibəsi başlayır. 44 günlük haqq savaşında Azərbaycan Ordusu böyük Zəfər qazanır. General-mayor Polad Həşimovun ruhu şad olur...
Hamı onun Vətənə sevgisindən, əsgərlərinə qayğısından, insanlara təmənnasız yaxşılığından, sadəliyindən, igidliyindən danışdı, haqqında cild-cild kitablar yazıldı, filmlər çəkildi, küçələr, parklar onun adını daşımağa başladı, yolboyu gülümsəyən şəkilləri bizə bir həyat dərsi verdi. Mən bütün bu olanları qəlbimə köçürdüm və bir gün doğma kəndi işğaldan azad olunan biri kimi Zəfər sevinci ilə ürəyim dilə gəldi və bunları söylədi

Polad kimi əyilməz,
Aranlısan, dağlısan.
Sən üç rəngə boyanmış
Bir Vətənin oğlusan.

Hamı səndən danışır,
Adın elə doğmadı...
Səni oxşayan sözlər
Kitablara sığmadı...

Gülümsə, ey general,
Azad oldu yurdumuz.
Qürur duy əsgərinlə,
Zəfər çaldı ordumuz!


Mina RƏŞİD
Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.




Facebook'da Paylaş