31 MART SOYQIRIMI – TARİXİN QAN YADDAŞI
31 MART SOYQIRIMI – TARİXİN QAN YADDAŞIAzərbaycan xalqına qarşı 1918-ci ilin martında törədilmiş soyqırım aktı miqyasına və amansızlığına görə yalnız Azərbaycan tarixində deyil, bütün bəşəriyyət tarixində ən dəhşətli faciələrdən biridir.
Azərbaycan türklərinin kütləvi surətdə qırğınlara, repressiyalara məruz qalması, doğma yurdlarından deportasiya edilməsi XX əsr tariximizin qanlı səhifələrindəndir. 1918-ci ilin 30 mart tarixindən aprelin 3-nə qədər Bakıda və Bakı quberniyasının müxtəlif regionlarında, o cümlədən Quba, Xaçmaz, Lənkəran, Salyan, Şamaxı, Hacıqabul, Qarabağ, Naxçıvan və b. ərazilərdə rus-bolşevik və erməni silahlı dəstələri azərbaycanlıları xüsusi amansızlıqla, kütləvi şəkildə qətlə yetirmiş, soyqırım aktı törətmişlər.
Statistik məlumatlara əsasən, bu soyqırım nəticəsində 30000-ə yaxın azərbaycanlının həyatına vəhşicəsinə son qoyulmuş, on minlərlə insan itkin düşmüş, taleyi naməlum qalmışdır. Dinc və silahsız insanların qırğınında Bakı Sovetinin 6 minlik rus-bolşevik əsgəri və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə 1918-ci ilin mart qırğınlarına xüsusi diqqət yetirilmiş, Nazirlər Şurası 15 iyul 1918-ci il tarixində bu faciənin tədqiq olunması məqsədi ilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmiş, 1919 və 1920-ci illərdə 31 mart tarixi Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarında göstərilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda 15-20 min, Şamaxıda 8 minə, Qubada 6 minə yaxın dinc əhali qətlə yetirilmiş, Bakıda bir çox inzibati binalar dağıdılmış, yandırılmış, top atəşi nəticəsində Təzəpir məscidinin cənub tərəfi, Şah məscidi minarəsinin şərq tərəfi dağıdılmış, Şamaxıda Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırımış, dağıdılmışdır; Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi qətlə yetirilmişdir. Ümumilikdə, Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.
Bu qırğınlar Qərbi Azərbaycan ərazisində də geniş miqyasda törədilmiş, İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli və b. ərazilərdə Azərbaycan türklərinin etnik təmizlənməsi prosesi həyata keçirilmişdir. 19 aprel 1918-ci il tarixində Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü son nəfərinədək məhv edilmişdir. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər yerlə yeksan edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı işgəncələrə məruz qoyaraq qətlə yetirmişlər. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycan türkü öldürülmüş və ya şikəst edilmiş, 50000 nəfər qaçqın düşmüşdür.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 31 mart soyqırımına hüquqi-siyasi qiymət verilmiş, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
31 mart 1918-ci il tarixində rus-bolşevik və erməni silahlı dəstələri tərəfindən törədilmiş faciədən 106 il ötməsinə baxmayaraq, xalqımız bu qanlı faciəni unutmur, ölkəmizin haqq səsini dünyaya çatdırmaq, əsl tarixi həqiqətləri faktlar əsasında nümayiş etdirmək işini əzmlə davam etdirir.
Sevinc Sadıqova
ADPU-nun dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Facebook'da Paylaş