Bu gün, martın 29 tanınmış ziyalı, ictimai xadim Arif İbrahimov 70 illik yubileyini qeyd edir.
İbrahimov Arif İbrahim oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.
İxtisasca şərqşünas olan A.İbrahimov 1973-1980-cı illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur.
Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi tərəfindən xüsusi medal ilə təltif olunmuşdur.
1980-1982-ci illərdə Azərbaycan dövlət tele-radio komitəsində redaktor, 1982-1990 illərdə Asiya və Afrika Ölkələri Yazıçıları ilə Azərbaycan Həmrəylik Komitəsinin məsul katibi vəzifəsində çalışmışdır.
1989-cu ilin avqustunda Sovet Azərbaycanında yeni təsis olunmuş “Qarabağa Xalq Yardımı Komitəsi”nin əsasnaməsinin hazırlanmasında yaxından iştirak etmişdir.
1990 - 2006 Azərbaycan Ədəbiyyat Fondunun sədri və Beynəlxalq Ədəbiyyat Fondu Rəyasət Heyətinin üzvü kimi kimi Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfə vermişdir.
Bu illər ərzində A.İbrahimovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş nəşrlər sırasında xüsusilə 2003-cü ildə dərc olunmuş Heydər Əliyevin Azərbaycan ədəbiyyatına verdiyi töhvədən bəhs edən “Ədəbiyyatımız milli sərvətimizdir” kitabını qeyd etmək olar.
Kitabın ərsə gəlməsi həmin dövrdə baş tutmuş prezident seçkiləri ərəfəsində Azərbaycan ziyalılarının Heydər Əliyev kursunun davam etdirilməsinin dəstəkləməsi rəmzi olmuşdur.
2005-ci ildə Moskva şəhərində A.İbrahimovun təşəbbüsü ilə vaxtı ilə ona dərs demiş Azərbaycan ziyalısı Mir-Cəlal Paşayevin əsərlər toplusunun rus dilinə tərcüməsi dərc edilmiş, geniş Rusiya ictimaiyyətinə təqdim olunmuşdur.
2007-2012 Azərbaycan - Gürcüstan əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş “Geoturan” Fondunun təsisçisi və sədri kimi iki dost ölkənin mədəniyyət sahəsində əlaqələrinin möhkəmlənməsi istiqamətində müxtəlif layihələr həyata keçirmiş, Azərbaycan müəlliflərinin əsərlərinin gürcü dilində dərc etdirmişdir. Tbilisi şəhər meriyası tərəfindən "Gürcüstan mədəniyyətinin dostu" medalı ilə təltif olunmuşdur.
2011-2014 illərdə Azərbaycan Peşəkar Boks Federasiyasının Prezidenti olmuşdur. Həmin dövrdə federasiyanın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “EBA” Avropa kəməri üzrə beynəlxalq boks turniri keçirilmişdir.
Müxtəlif illərdə Azərbaycan diasporunun həyatından bəhs edən bir neçə mətbu orqanın təsisçisi və baş redaktoru olmuşdur.
Arif İbrahimov tutduğu hər bir vəzifədə əsas missiyası kimi humanitar sahədə Azərbaycanın beynəlxalq əlaqələrinin və xarici ölkələrlə dostluq münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin çatdırılmasında və ölkəmizin layiqli tanınmasında görmüşdür.
Son illər Arif İbrahimov bədii yaradıcılıqla məşquldur. Yaxın Şərq tarixi və İslam mədəniyyəti haqqında bədii kitabların müəllifidir.