Şəhid uşaqları üçün yay düşərgəsi başlayır

29-07-2022, 10:05

Şəhid uşaqları üçün yay düşərgəsi başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgələri təşkil olunub.

Ordum.az xəbər verir ki, Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçiriləcək layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.

Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdir müavini Fərhad Allahverdizadə bildirib ki, layihə iki mərhələdən ibarət olacaq:

"Hər mərhələdə uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub. İlk qrup olaraq 70 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb.

29 iyul - 3 avqustda şəhidlərimizin övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcək. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirakla öz bacarıqlarını inkişaf etdirəcəklər".

Qeyd edək ki, onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində uşaqlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.




Facebook'da Paylaş