Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16-07-2022, 10:55

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.

Bu barədə Ordum.az TƏBİB-dən məlumat verilib.

Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin (201 nəfər) köçürülməsi ilə bağlı tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Masazır Ailə Sağlamlıq Mərkəzində və Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Müayinələrin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

İlkin olaraq ailə həkimləri (həkim-terapevt və həkim-pediatr) tərəfindən böyüklərin və uşaqların müayinələrinə başlanılıb. Həmin şəxslərin biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri aparılır. Bundan sonra da TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin müayinələrinə davam ediləcək.

Qeyd edək ki, Ağalı kəndində ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək. Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.




Facebook'da Paylaş