"For Azerbaijan" Xeyriyyə Təşkilatının Bakı ofisi qeydiyyata alınıb

16-04-2022, 10:52

"For Azerbaijan" Xeyriyyə Təşkilatının Bakı ofisi qeydiyyata alınıb

ABŞ-da yaradılmış və artıq iki ilə yaxındır ki, uğurla fəaliyyət göstərən “For Azerbaijan” (FA) (www.forazerbaijan.org) Xeyriyyə Təşkilatının Azərbaycan filialı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Ordum.az xəbər verir ki, Xeyriyyə Təşkilatının fəaliyyətində diqqət çəkən əsas məqam xaricdə, xüsusilə ABŞ-da yaşayan həmvətənlərimiz arasında qısa müddətdə təşkilatlana bilməsi və əsas fəaliyyətini Vətən müharibəsi şəhid ailələrinin və qazilərinin reabilitasiyasına və sosial-iqtisadi inteqrasiyasına yönəltməsidir.

Ölkədə dövlət qeydiyyatından keçmək təşkilata öz fəaliyyət dairəsini daha da genişləndirməyə və işlədiyi sahələrdə təsirini artırmağa imkan verəcək.

"For Azerbaijan" Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan azərbaycanlılar tərəfindən qurulub.

Təsisçilər təşkilatın institusional strukturu, idarə edilməsi, donor həmvətənlərimiz qarşısında hesabatlılıq və şəffaflıq standartlarını bu sahədə qəbul edilmiş ən müasir meyarlar əsasında müəyyən ediblər.

FA yarandığı gündən fəaliyyət dairəsini daim genişləndirir. Bu günədək 50-dən çox qazi və şəhid ailəsi üzvlərinin psixoloji yardım alaraq reabilitasiya olunması layihəsi uğurla reallaşdırılıb. Bundan əlavə 2021-ci ilin iyul ayında FA-nın Azərbaycanda dövlət və özəl sektordan olan tərəfdaşları ilə birgə 79 şəhid övladının intellektual və emosional inkişafını hədəfləyən “QALİBLƏR” adlı yay düşərgəsi təşkil edilib. COVİD-19 pandemiyasının ən pik dövrlərində "For Azerbaijan" Xeyriyyə Təşkilatı ölkəmizin müxtəlif bölgələrində şəhid və qazi ailələri daxil olmaqla ümumilikdə 149 ailəyə maddi yardım göstərib.

Xeyriyyə Təşkilatının qurucularından və İdarə Heyətinin üzvü olan Samir Süleymanovun bildirdiyinə görə hazırda təşkilat bir neçə istiqamət üzrə işləyir. İlk istiqamət ölkəmizdə müharibə iştirakçılarının, hərbi təcavüzdən əziyyət çəkmiş həmvətənlərimizin psixoloji reabilitasiyasıdır. Bu istiqamətdə dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla Dövlətimizin psixoloji reabilitasiya sahəsində həyata keçirdiyi tədbirlərə yaxından dəstək verməkdir.

Digər istiqamətlərdən biri isə təhsillə bağlıdır. “Gənclər Günü”ndə Prezidentin çıxışındakı tövsiyələri rəhbər tutaraq dünyanın ən qabaqcıl universitetlərinin məzunları və aparıcı maliyyə-inkişaf təşkilatlarında çalışan "For Azerbaijan"nın qurucu üzvlərinin Azərbaycan gəncləri ilə görüşlərinin təşkili, öz təcrübələrini bölüşməsinə imkan verəcək yeni Mentorluq Layihəsinə başlanması planlaşdırılır. Azərbaycanda bu istiqamətdə planlaşdırılan digər layihələr təşkilatın hədəf qrupunda olan insanlara məşğulluqlarını təmin edə biləcək müxtəlif təlim və təhsil təşəbbüslərində iştirak etmək imkanlarının yaradılması ilə bağlıdır.




Facebook'da Paylaş