Xarkovdan azərbaycanlıların təxliyəsi bu gün də davam edəcək

2-03-2022, 11:09

Xarkovdan azərbaycanlıların təxliyəsi bu gün də davam edəcək

"Xarkov Ukraynada ən çox bombalanan şəhərdir. Rusiya ordusu neçə gündür şəhəri fasiləsiz atəşə tutur. Dövlət əhəmiyyətli binalarla yanaşı, bir neçə yaşayış binası da dağıdılıb".

Bunu açıqlamasında Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.

O bildirib ki, martın 1-nə qədər Xarkovdan çıxarılanlar əsasən tələbələr idisə, hazırda Ukrayna vətəndaşı olan azərbaycanlıların da təxliyəsi aparılır: “Ötən gün axşama kimi artıq 650 nəfər həmvətənimiz təxliyə olunub. Bu gün səhər saat 7-də birinci qatar yola düşüb, yarım saat sonra isə ikinci qatar ya Lvova, ya da Moldova sərhəddinə gedəcək. Gün ərzində təxliyə olunacaqların sayını dəqiq demək mümkün deyil, amma təxminən 150 nəfərin Xarkovdan çıxarılacağı gözlənilir. Çünki həm qatarlar xaotik hərəkət edir, həm də insanlar vağzallara gəlməkdə çətinlik çəkir. Nəzərə alsaq ki, günorta 15:00-dan şəhərdə komendant saatı başlayır”.

“Hazırda aldığım məlumata görə, vağzal insanlarla doludur. Şəhərdən təxliyə olanları səfirlik əməkdaşları qarşılayır. Onların yerləşdirilməsinə və ölkəyə yola salınmasına yardım edir. İnanırıq ki, müharibə bitəcək və insanlar öz yaşadıqları yerlərə geri dönəcək”, - M.Ömərov deyib.




Facebook'da Paylaş