Xocalı soyqırımının qurbanları Yerusəlimdə anılıb
İsrailin Yerusəlim şəhərində Xocalı soyqırımının 30-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Ordum.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə mədəniyyət mərkəzində baş tutan tədbirdə Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri Elina Bardaç-Yalova, Milli Məclisinin üzvü Sevil Mikayılova, Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, “Passage” jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Nərminə Ağası və digər rəsmi şəxslər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərində dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı, İsraildə və dünyada yaşayan azərbaycanlılar bu il dərin hüzn və kədərlə ölkəmizin müasir tarixinə ən dəhşətli qətliam kimi həkk olunmuş faciənin 30-cu ildönümünü qeyd edir.
Sonra deputatlar Elina Bardaç-Yalova, Sevil Mikayılova, “Pisqat Zeev” Qüds Mədəniyyət Mərkəzinin rəhbəri Yael Kohen, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak çıxış ediblər.
“Yəhudilər sizi hər kəsdən yaxşı anlayır. Yalnız öz milli mənsubiyyətinə görə dinc əhalisinin vəhşicəsinə qətlə yetirilməsi ilə qarşılaşan Azərbaycan xalqının dərdinə şərik oluruq”, - deyə E.Bardaç-Yalova söyləyib.
Azərbaycanlı qonaqlar Xocalı faciəsi kimi ağrımıza şərik olduqlarına, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına fəal şəkildə qoşulduqlarına, xalqımıza dəstək göstərdiyinə görə İsrail dövlətinə və yəhudi xalqına minnətdarlıqlarını bildiriblər. Azərbaycan dövlətinin və xalqının öz ərazi bütövlüyünü bərpa etdiyi, Cənubi Qafqaz bölgəsinə sülh gətirdiyi və dünyanın heç bir yerində müharibənin olmasını arzulamadığı nəzərə çatdırılıb.
“Azİz” Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak anım tədbirinin keçirilməsində göstərdikləri dəstəyə Diasporla İş üzrə Dövlət Komitəsinə, “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyasına, “Pisqat Zeev” Qüds Mədəniyyət Mərkəzinin rəhbəri Yael Kohenə, musiqi məktəbinin direktoru Qalina Pritsə, “Azİz”in Yerusəlim bölməsinin sədri Aleksandr Aqranovskiyə xüsusi minnətdarlığını bildirib.
Tədbir Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərindən ibarət proqramın təqdim olunması ilə davam edib. Əsərləri Azərbaycanın tanınmış pianoçusu, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və israilli opera müğənnisi Kamelia Yoffe ifa ediblər.
Tədbir çərçivəsində Qarabağ və Xocalı soyqırımı həqiqətlərindən bəhs olunan kitab nümayiş olunub
Facebook'da Paylaş