Azərbaycan və Türkiyə dəmir yollarında əməkdaşlığı genişləndirmək istəyir
Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztellinin rəhbərlik etdiyi nümayəndə Azərbaycana işgüzar səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bu barədə Ordum.az " ADY-nın məlumatına istinadən xəbər verir.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən danışan Hicran Valehov vurğulayıb ki, Ermənistanın işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələrində Türkiyə şirkətləri də fəal iştirak edir.
Türkiyənin Ticarət Nazirliyi və DEİK Beynəlxalq Texniki Məsləhət Xidmətləri İş Şurasının dəstəyi və koordinasiyası ilə Azərbaycanda səfərdə olduqlarını qeyd edən Emre Öztelli bu görüşün Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində mövcud imkanların genişləndirilməsində mühüm rol oynayacağına diqqət çəkib. Qonaq öz növbəsində bildirib ki, Türkiyə şirkətləri Qarabağda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır.
Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı təqdimat ediblər. Məlumat verilib ki, görüşdə təmsil olunan şirkətlər nəinki Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində dəmir yolu layihələrinin hazırlanması və icra edilməsində, nəqliyyat infrastrukturunun qurulmasında iştirak edib.
Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında hazırda mövcud olan dəmir yolu xətti Bakı-Tbilisi-Qarsdır (BTQ). Bu dəhliz 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasından sonra İğdırdan Naxçıvana avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur
Facebook'da Paylaş