Vətən müharibəsində Zəfərin 1-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21-10-2021, 21:12

Vətən müharibəsində Zəfərin 1-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Oktyabrın 21-də Milli Məclisin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində Zəfərin 1-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordum.az-a verilən məlumata görə, konfransı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov açaraq bildirib ki, bir il əvvəl başlayan Vətən müharibəsində Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər və həmrəy olan Azərbaycan 1993-cü ildən işğal edilmiş torpaqlarını erməni tapdağından qurtarmaqla, həm də regionda beynəlxalq hüququ və ədaləti bərqərar edib. Natiq bizi qələbəyə aparan yolun başlanğıcından - Ulu öndərin uzaqgörən ordu quruculuğu siyasətindən və bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirilməsi ilə öz məntiqi nəticəsi olan Zəfərə qədər keçən dövrə nəzər salıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Zəfərin böyük tarixi əhəmiyyətinə toxunan natiq Azərbaycan tarixinin ən parlaq səhifəsi olan bu Zəfər yolunda qarşılaşdığımız çətinliklərdən, haqsızlıqlardan bəhs edib. Bütün bunların unudulmaması, öyrənilməsi, Qələbənin doğurduğu nəticələrin qorunması üçün belə konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla öz növbəsində konfransın əhəmiyyətini vurğulayıb. Bu gün qalib xalq kimi dünyanın diqqət mərkəzində olduğumuzu, üzərimizə xüsusi məsuliyyət düşdüyünü bildirən rektor qalibiyyətin xalqın mənəviyyatında və milli şüurunda dərin iz buraxdığını deyib.

Prezident İlham Əliyevin strateji səbirlə, uzaqgörən siyasətlə, xalqa arxalanan idarəetmə ilə bu möhtəşəm qələbənin potensial əsaslarını yaratdığını deyən Kamal Abdulla Azərbaycan dəyərlərinin, intellektinin və həqiqətlərinin azad edilmiş torpaqlarda, Qarabağda öz parlaq təcəssümünü tapacaq günlərin yaxında olduğuna inamını bildirib.

Sonra ADU-nun dosent və müəllimləri - Namiq Kərimov “Müstəqillik dövründə aparılmış iqtisadi siyasət qələbəmizin rəmzidir”, Bəhmən Əliyev “Vətən müharibəsində gənclərin rolu”, Mehriban Babaxanova “Azərbaycan beynəlxalq hüququn təminatçısı kimi”, Elşən Məcidov “Perspektivlər nəzəriyyəsi prizmasından Ermənistanın II Qarabağ müharibəsindən sonra rəqabətəmeyilli siyasətinin izahı”, Anar Rəhimov “44 günlük vətən müharibəsində ADU-nun informasiya savaşında iştirakı”, Rəfi Qurbanov “Zəfərə gedən yolda milli dəyərlərin rolu” mövzularında çıxış ediblər.

Çıxışçılar Prezident İlham Əliyevin güclü ordu qurmaqla hər bir azərbaycanlıya qalib olmaq inamı aşılamasından, Azərbaycan dövlətinin heç kimdən yardım istəmədən regionda tarixi ədaləti, beynəlxalq hüququ bərqərar etməsindən, Azərbaycan vətəndaşlarının, xüsusən gəncliyinin Vətən müharibəsindən şərəflə çıxmasından, xalqın monolit birliyindən, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıblar.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib, şəhid ailələrinə səbir dilənib, yaralılarımıza və qazilərimizə can sağlığı arzulanıb.




Facebook'da Paylaş