Regionlarda qohum nikahlarla mübarizəyə dair yeni layihə icra olunmağa başladı
“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qohum nikahlarla mübarizədə ictimai vəkillik və hüquqi lobbiçilik istiqamətində tədbirlərin, seminarların təşkili" adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb. Bu haqda ADTGT İctimai əlaqələr və informasiya departamentindən saytımıza məlumat verilib.
2 ay müddətində (1 iyul – 31 avqust 2023-cü il) Oğuz, Yevlax, Bərdə, İmişli və Saatlı rayonlarında icra həyata keçiriləcək layihənin əsas ideya məzmununu gənclər arasında geniş yayılmış qohum nikahların mənfi nəticələrilə mübarizə və bu sahədə geniş sosial və maarfləndirmə fəaliyyətləri, eləcədə qohum nikahların qarşısının alınması istiqamətində ictimai vəkillik və hüquqi lobbiçilik kampaniyanın aparılması təşkil edəcəkdir.
Layihənin digər bir ideyasını isə əhatə olunacaq bu rayonlarda gənclər, ailə üzvləri, aidiyyətli şəxslər arasında sorğu keçirilməsi, real araşdırma aparılması, obyektiv hesabatın hazırlanması, rəsmi struktur, müxtəlif qurum və vətəndaş cəmiyyəti təsisatları təmsilçilərinin iştirakı ilə seminarların təşkili, yerli şəxslərin qohum nikahlarla mübarizə sahəsində bilik, bacarıq və potensialının artırılması təşkil edir.
Layihə çərçivəsində araşdırma, sorğu, hesabat və maarifləndirici tədbirlər ilə qohum nikahlarla mübarizəyə dair dayanıqlı təsir mexanizmləri, tövsiyyə və perspektiv təkliflər hazırlanması ilə yanaşı hökumət təmsilçiləri və parlament üzvlərinin iştirakı ilə ölkədə qohumlar arasında nikahların qadağan edilməsi ilə bağlı ictimai vəkillik və hüquqi lobbiçilik kampaniyasının aparılması da nəzərdə tutulur.
Eyni zamanda qohum nikahların tibbi zərəri və ictimai qınağı üçün sosial media və şəbəkələrdə geniş təbliğat, məlumatlandırma və sosial aksiyaların aparılması, requlyar PR kampaniyalarının təşkili də layihənin gələcək fəaliyyət planına daxil olan məsələlərdəndir.
Layihədə AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, onun regional mərkəzləri və yerli icra hakimiyyətləri və yerli QHT-lərlə tərəfdaşlıq qurulacaqdır.
Facebook'da Paylaş