Beynəlxalq Qızıl Xaç Komitəsi ANAMA-nın tibb heyətinə təlimlər keçir
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) tibb heyəti üçün “Partlayış travmaları zamanı ilk yardım” mövzusunda təlimlərə başlayıb.
Bu barədə Ordum.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki təlimlərin məqsədi agentliyin minatəmizləmə əməliyyatlarına dəstək verən tibb heyətinin təxirəsalınmaz hallarda tibbi cavab tədbirlərini göstərmək bacarıqlarını daha da zənginləşdirməkdir.
BQXK tərəfindən keçirilən təlimlərə Cenevrədən gələn beynəlxalq tibb ekspertləri cəlb olunub. Nəzəri və praktiki təlimləri əhatə edən kurslar Agentliyin Horadiz və Tərtər regional mərkəzlərində keçirilir.
Təlimdə mina hadisəsi baş verdikdə partlayış travmaları zamanı ilkin tibbi yardım, qanaxmanın dayandırılması, ağrının idarə olunması, kəllə-beyin və onurğa zədələri, zərərçəkən şəxsin həyatı üçün təhlükə yaradan məqamların aradan qaldırılması məqsədilə bilik və bacarıqlar təkmilləşdirilir.
Qeyd edək ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün lazımi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitəsi, eləcə də zəruri bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu mütləq amillərdən biridir.
Facebook'da Paylaş