MÜHARİBƏNİ CANINDA DAŞIYAN OĞUL

9-07-2022, 00:26

MÜHARİBƏNİ CANINDA DAŞIYAN OĞUL


MÜHARİBƏNİ CANINDA DAŞIYAN OĞUL

Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsi və güclü ordumuzla 44 günlük şanlı Vətən Müharibəsində Zəfər qazandıq. Qalib ölkənin qalib vətəndaşı kimi sevincimiz qəlbimizə sığmadı. Ancaq Birinci Qarabağ Müharibəsi başlayandan sona qədər döyüş yolu keçmiş və ayağında hələ də düşmən qəlpələri gəzdirən müharibə veteranı Nəsib Məmmədov kimi Vətən oğullarının Zəfər sevinci bizimkindən
daha böyükdü. Ağdamın Xındırıstan kəndindəki məcburi köçkün qəsəbəsində məskunlaşmış N.Məmmədovla görüşümüzdə bunu daha yaxından hiss elədim.
Nəsib Məmmədov 1970-ci ildə Ağdamın Qiyaslı kəndində doğulub. Qiyaslı kənd 8 illik məktəbini və Söyüdlüqol orta məktəbini bitirib. Hərbi xidmətini Rusiyada, Yekaterinburq şəhərində başa vurduqdan sonra, 1991-cı ildə Ağdam Polis Batalyonuna qəbul edilib. Qeyd edək ki, Ağdam Polis Batalyonu erməni quldur dəstələrinin hücumlarının qarşısını almaq məqsədilə Milli Ordudan əvvəl yaradılıb. Könüllü olaraq Vətənin müdafiəsinə qaxan Nəsib dogma torpaqların keşiyində dayanıb. 1991-ci il dekabrın 16-da gecə saat 3-5 arası düşmən onların postuna hücuma keçib. Polis serjantı N. Məmmədov ayağından və üz nahiyəsindən yaralanıb. O, yaralı vəziyyətdə özündən daha ağır yaralanmış serjant Vilayət Mustafayevə kömək edərək onu posta köməyə gələn yoldaşlarına təhvil verib. Sonra o, yaralı olduğuna baxmayaraq posta qayıdıb və yoldaşının silahını da götürüb gecə 2 km-dən çox məsafə qət edərək çəkmələri qan içində, ağır vəziyyətdə geri qayıdıb.
Beləliklə, N.Məmmədov Ağdam şəhər xəstəxanasına yerləşdirilib. Onun hər iki ayağında çoxlu qəlpə aşkar edilib. Onlardan çoxu əməliyyatla çıxarılsa da bəziləri bu günə qədər ayağında qalıb. N.Məmmədov 15 gün müalicə olunduqdan sonra Bakıda qospitalda müalicə edilməkdən imtina edərək yenidən əvvəlki postlarına qayıdıb. Postdan hər geri dönəndə yaralarının sarığını dəyişdirib. Nəsib müharibə bitənə qədər, yəni, atəşkəs elan olunanadək döyüşdə olub. Doğma Fərrux, Sırxavənd, Abdal-Gülablı, Canyataq, Gülyataq kəndlərinin və Sığınaq, Yeddi Xırman, Beşik və Çoban dağlarının müdafiəsində iştirak edib. Ağdamın işğalından sonra isə Güllücə, Cəvahirli, Qərvənd kimi kəndlərimizin müdafisində dayanıb. 1992-ci ildə Ağdam şəhərinə atılan mərmilərin qəlpələrindən atası Rəşid şəhid olub. Doğma Qiyaslı kəndi işğal edildikdən sonra N.Məmmədov ailəsi ilə birgə (onda bir qızı var idi) Bərdə şəhərində yük vaqonlarından birində məskunlaşıb. Qışda soyuğu, yayda bürküsü ilə dəhşət saçan bu dəmir “ev”də Nəsibin 2 övladı da dünyaya gəlib. 1998-ci ildə onunla vaqonda birgə yaşayan anası ağır xəstəliyə tutularaq dünyasını dəyişib. Nəsib ailəsi ilə birgə düz 9 il vaqonda yaşayıb. 2003-cü ildə isə onlar Ağdamın Xındırıstan kəndində məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçüblər. N.Məmmədov 2003-cü ildə müharibə veteranı kimi təqaüdə buraxılıb.

Aradan 30 illk vaxt keçsə də, N.Məmmədov hələ də, müharibədə ayağından aldığı qəlpələrlə birgə yaşayır. Son 20 ildə bu qəlpələr onu daha çox incidir və artıq əl ağacı ilə güclə gəzir. Ayağındakı qəlpələr uzun illər boyu qaldığından sinirlərinə təsir edib. Səhhətindəki ümumi zəiflikdən getdikcə əllərində də, problemlər yaranmağa başlayıb.
2016-ci ildən Bakıda DİN-nin hərbi qospitalında müalicə edilir. Qospitaldan ona verilən epikrizdən də aydın olur ki, N.Məmmədov müharibə əlili kimi təqaüdə çıxmaq hüququna malikdir. Ancaq N.Məmmədovun Ağdam xəstənasında müalicə edildiyini təsdiq edən sənəd o vaxt işğal edilmiş Ağdamda xəstəxanada qaldığından buna nail ola bilməyib.
44 günlük Müharibədə Xındırsan kəndindən də az qala hər gün acı xəbərlər gəlirdi. Kənd sakini Zərifə adlı qadın düşmənin atdığı mərmidən həlak olub. Kənd demək olar ki, mərmi atəşinin altında yaşayırdı. Bir dəfə də, mərmi onların evinin bir addımlığına, qonşu həyətə, xoşbəxtlikdən boş torpaq sahəsinə düşüb. Buna baxmayaraq N.Məmmədov evindən ayrılmayıb və ailəsi də, onu qoyub heç yerə getməyib.
N.Məmmədov imanlı bir insandı, deyir ki, 44 günlük haqq savaşımızda hər yeni kənd, qəsəbə alınanda şükür namazı qılırmış. Dövlətimizə, ordumuzun əsgərlərinə, şəhidlərimizin ruhuna dualar edirmiş. Bu gün doğulub boya-başa çatdığı, atası Rəşidin uyuduğu Qiyaslı kəndinin də işğaldan azad edildiyinə görə Nəsib çox sevinir. Buna görə o, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli ordumuzun əsgərlərinə, şəhidlərə və igid qazilərimizə borclu olduğumuzu bildirir. N.Məmmədovun bir arzusu da odur ki, gedib Qiyaslı məscidində müqəddəs şəhidlərimizin ruhuna dua oxusun.

Mina RƏŞİD




Facebook'da Paylaş